Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov bəyan edib ki, Azərbaycanda fəaliyyət göstərən bələdiyyələrin əksəriyyəti özbaşınalıq edir və öz ərazilərinə aid olmayan dövlət torpaqlarına sərəncam verirlər. Məmmədov cümə axşamı Trend ə bildirib ki, bələdiyyələrin torpaqlarının hüdudları bəlli olsa da,və xəritələri tərtib edilsə də, qanunsuz torpaq satışları ilə bağlı yüzlərlə fakt aşkarlanıb.
"Bəzi bələdiyyələr yaramaz hərəkətlər edir. Bu, yolverilməzdir. Bu ilin birinci rübündə onlarla bələdiyyəyə qarşı cinayət işi açılıb" - deyə Məmmədov bildirib.
Ötən il görülən tədbirlər zamanı 1559 ha torpaq sahəsinin qanunsuz satışı və icarəyə verilməsinin qarşısı alınıb. Hesabat dövründə Ədliyyə Nazirliyinə inzibati nəzarət qaydasında baxılması üçün 16703 bələdiyyə aktı təqdim olunub. Bu isə 2005-ci illə müqayisədə 65 faiz çoxdur. Müvafiq tədbirlər nəticəsində 466 bələdiyyənin torpaq satışı ilə bağlı qərarı ləğv edilib, 22-si dəyişdirilib, 48 qərarın ləğvi və ya dəyişdirilməsi üçün məhkəmədə iddia qaldırılıb. 17 bələdiyyənin fəaliyyətində ciddi qanun pozuntuları aşkar edilərək Ədliyyə Nazirliyinin topladığı materiallar əsasında Baş Prokurorluq tərəfindən cinayət işi açılıb Barəsində cinayət işi açılan bələdiyyələrə Xətai, Astara, Göyçay rayonunun Qarayazı, Masallının Qızılağac və digər bələdiyyələr daxildir.
Azərbaycanda 2375 bələdiyyə fəaliyyət göstərir.