...

Azərbaycanın korrupsiyaya qarşı mübarizə üzrə yeni Milli Strategiyası müzakirə olunub

Cəmiyyət Materials 30 Aprel 2007 14:56 (UTC +04:00)
Azərbaycanın korrupsiyaya qarşı mübarizə üzrə yeni  Milli Strategiyası müzakirə olunub

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Azərbaycan hökuməti korrupsiya ilə mübarizədə siyasi iradə nümayiş etdirir. Bu fikirlər ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD), Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə Komissiyası, ABŞ səfirliyi, ABŞ Ədliyyə Departamenti, ATƏT, Avropa Şurası və Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsi ilə birlikdə bazar ertəsi "Avropa" mehmanxanasında Azərbaycanda şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə milli strategiyanın müzakirəsinə həsr olunmuş iki günlük beynəlxalq konfransda səsləndirilib.

Tədbirdə Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının üzvləri, USAİD Azərbaycan, ABŞ səfirliyi, Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsinin və digər beynəlxalq və yerli təşkilatların nümayəndələri iştirak ediblər.  

ABŞ-ın Azərbaycandakı səfirliyinin hüquq məsələləri üzrə müşaviri Kevin Feldis bildirib ki, şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə milli strategiyanın hazırlanması Azərbaycan üçün həm qısa, həm də uzunmüddətli problemlərin həlli deməkdir: "Şəffaflığı artırmaqda və korrupsiyaya qarşı mübarizədə dünya birliyi Azərbaycana dəstək verəcək".

Dövlət Qulluğunu İdarəetmə Şurası yanında Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın üzvü, millət vəkili Bəxtiyar Əliyev qeyd edib ki, Azərbaycan hökuməti son illər şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə sahəsində əhəmiyyətli tədbirlər həyata keçirib, bu sahədə iradə nümayiş etdirib.

Azərbaycanın sosial-iqtisadi inkişaf dövrü yaşadığını deyən millət vəkili əlavə edib ki, korrupsiyaya qarşı mübarizə də bu prosesin tərkib hissəsi kimi həyata keçirilir.

Bu sahədə görülən tədbirlər barədə məlumat verən komissiya üzvü vurğulayıb ki, ötən dövr ərzində Azərbaycanda şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə sahəsində qanunvericilik bazası formalaşdırılıb: "2004-cü ilin sentyabrında Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramı qəbul edilib. 2006-cı ilin dekabrında Dövlət Proqramının icra müddəti başa çatıb. Korrupsiyaya qarşı mübarizə sahəsində tədbirlərin davam etdirilməsi, həyata keçirilmiş tədbirlərin səmərəliliyinin artırılması və dövlət orqanlarında islahatların müasir tələblərə uyğun şəkildə qurulması üçün Korrupsiyaya qarşı yeni Milli Strategiyanın hazırlanmasına başlanılıb".

O qeyd edib ki, bunun üçün Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın tərkibində fəaliyyət göstərən qanunvericiliyin təkmilləşdirilməsi üzrə İşçi Qrupun tərkibi yenidən formalaşdırılıb, genişləndirilib.

Millət vəkili hesab edir ki, Korrupsiyaya qarşı yeni Milli Strategiyanın hazırlanması bu sahədə yeni nailiyyətlərin əldə olunmasına yardım edəcək.

"Azərbaycan hökuməti korrupsiyaya qarşı mübarizədə siyasi iradə nümayiş etdirir" - deyə Əliyev vurğulayıb.

Milli Məclisin inzibati və hərbi qanunvericilik şöbəsinin müdir müavini Səyyad Kərimov qeyd edib ki, korrupsiyaya qarşı yeni Milli Strategiyanın hazırlanmasında və həyata keçirilməsində cəmiyyət fəal iştirak etməlidir. Çünki bu problemlə mübarizə aparmaq təkcə dövlətin işi deyil.

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) Azərbaycan üzrə koordinatoru Skot Teylorun fikrincə, Azərbaycan hökuməti şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizədə BMT və Avropa Şurasının müvafiq konvensiyalarından istifadə etməlidir. O bildirib ki, Azərbaycan korrupsiyaya qarşı mübarizədə böyük keçid dövrünə yaxınlaşır: "Bu mərhələdə qəbul edilən qanunların həyata keçirilməsi üçün instututların yaradılması vacibdir".

Konfrans öz işini davam etdirir.

Xəbər lenti

Xəbər lenti