...

Nazir: "Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi bir santimetr belə meşə torpağı satmayıb"

Cəmiyyət Materials 18 May 2007 16:17 (UTC +04:00)
Nazir: "Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi bir santimetr belə meşə torpağı satmayıb"

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Ekologiya və təbii sərvətlər naziri bildirib ki, "Ekologiya və Təbii Sərvətlər Nazirliyi bir santimetr belə meşə torpağı satmayıb".

Hüseynqulu Bağırov cümə günü bəyan edib ki, Milli Məclisin Aqrar siyasət daimi komissiyasında rəhbərlik etdiyi nazirliyin ünvanına səsləndirilən ittihamların heç bir əsası yoxdur.

Bağırovun sözlərinə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi bir santimetr belə meşə torpağı satmayıb. Əksinə, bu günə qədər meşə torpaqlarının qanunsuz zəbt olunması ilə bağlı 300-dən artıq iş hüquq-mühafizə orqanlarına göndərilib.

Nazir bildirib ki, Azərbaycanın mövcud qanunvericiliyində meşə fondları torpaqlarının satılması məsələsi yoxdur. Bağırovun sözlərinə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi mövcud qanunvericiliyə uyğun olaraq 70 min ha-ya yaxın meşə örtüklü torpağı bələdiyyələrə verib. Bunun müqabilində isə nazirlik bələdiyyələrə məxsus meşə örtüyü olmayan torpaqlar götürüb.

"Əgər bələdiyyələrə verilən meşə örtüklü torpaqlar satılırsa, bu, onların məsuliyyətidir", -deyə nazir əlavə edib.

Bağırov onu da qeyd edib ki, komissiyada Ekologiya və Təbii Sərvətlər Nazirliyini ittiham edənlər müvafiq ticarət təşkilatlarının rəhbərləridir: "Onlar öz maraqlarından çıxış edə bilərlər".

O vurğulayıb ki, rəhbərlik etdiyi nazirliyin "Dövlət torpaqları haqqında" qanunun qəbul olunmasına münasibəti neytraldır: "Nazirlik ekspert qismində hər hansı qanuna rəy verə də bilər, verməyə də. Qanunun qəbul olunub-olunmaması isə Milli Məclisin səlahiyyətinə aiddir. Digər tərəfdən, hər hansı ekspertin rəyi deputatların xoşuna gəlmirsə, bu o demək deyil ki, onlar Ekologiya və Təbbi Sərvətlər Nazirliyinin fəaliyyətinə qərəzli yanaşmalıdırlar".

Milli Məclisin Aqrar siyasət daimi komissiyasının bir neçə gün əvvəl keçirilən iclasında bəzi deputatlar Ekologiya və Təbbi Sərvətlər Nazirliyini meşə torpaqlarını satmaqda ittiham ediblər.

Xəbər lenti

Xəbər lenti