...

Kürün aşağı hissəsində suyun səviyyəsi rekord həddə çatıb

Cəmiyyət Materials 22 May 2007 11:02 (UTC +04:00)

Azərbaycan, Salyan / Trend müxbir E.Məmmədov/ Araz çayında baş verən daşqınlar, intensiv yağışların yağması və qarın əriməsi nəticəsində Kür çayının Azərbaycan hissəsinin aşağı axarlarında suyun səviyyəsinin artım tempi yenidən yüksəlib. Artıq sutkalıq artım 14 santimetrdən 30 santimetrə qalxıb. Trend in bölgə müxbirinin məlumatına görə, hazırda Kürün Salyandan keçən hissəsində saniyədə 1730 kubmetr su keçir. Kürdə suyun səviyyəsi gursululuq mövsümünün əvvəlindən bəri dörd metrdən artıq yüksəlib. Artıq Salyanın Kür ətrafı kəndlərində 400-dən artıq ev qrunt suları ilə dolub. Sahilə bitişik həyətlərə bəndlərdən sızan sular bəzi yerlərdə şəhərin mərkəzi küçələrinə axmağa başlayıb.

Salyanda analoji vəziyyət 2003-cü ildə baş vermişdi. Həmin il Kürdə saniyədə 1800 kubmetr su keçib.

Hazırda şəhərin ən təhlükəli əraziləri ayrı-ayrı idarə və müəssisələrə təhkim edilib. İndiyədək içərisi torpaqla doldurulmuş 4 minə yaxın kisəqoruyucu bəndlərə düzülüb.

Meliorasiya və Su Təsərrüfatı Komitəsi və Fövqəladə Hallar Nazirliyinin (FHN) texnikasının sahil bərkitmə və həyətlərdən qrunt sularının çəkilməsi ilə bağlı fəaliyyəti daha da gücləndirilib. FHN tərəfindən rayona köməyə göndərilmiş əsgərlərin sayı isə 75-ə çatdırılıb.

Salyan paytaxt Bakıdan 115 kilometr cənubda yerləşir.

Xəbər lenti

Xəbər lenti