...

Faiq Sücəddinov: "Mənim yubileyimi qeyd etməyəcəklərsə, nə üçün Bəstəkarlar İttifaqının vəsiqəsini daşımalıyam?"

Cəmiyyət Materials 2 İyun 2007 14:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 iyun /müx. "TrendLife" Günel Əhmədova/ Azərbaycanın xalq artisti, bəstəkar Faiq Sücəddinovun iyunun 14-də 60 yaşı tamam olur. Bəstəkar ümid edir ki, yubileyi yaddan çıxmayacaq. Bu haqda bəstəkar "TrendLife"a müsahibəsində ətraflı danışır.

- Siz öz yubileyinizi necə keçirmək istəyirsiniz?

- Bəstəkarlar İttifaqının sədr əvəzi Ramiz Zöhrabova yaxınlaşıb, onu bu barədə məlumatlandırmışam. Amma qurum yubileyin hansısa çərçivədə keçirilməsinin marağında deyil. Ramiz müəllim mənə mədəniyyət və turizm naziri ilə görüşməyi məsləhət verib. Əgər Əbülfəz müəllim yubileyin keçirilməsi barədə razılıq versə, İttifaq da onun izi ilə gedəcək. Açıq söyləyim ki, nazirlə görüşmək və yaxud da yazılı məlumat vermək İttifaqın işidir. Bir şey deyim ki, əgər mənim yubileyim qeyd olunmayacaqsa, Bəstəkarlar İttifaqının vəsiqəsi mənim nəyimə lazımdır?

- Bəstəkarlar İttifaqının qurultayına bir neçə gün qalıb. Siz qurultayda iştirak edəcəksiniz?

- Əlbəttə. Qurultayda mənim əsərlərim səslənəcək. Bundan başqa, İttifaqda bu gün çoxlu problemlər var. Onları təcili surətdə həll etmək lazımdır.

- Konkret olaraq siz nəyi nəzərdə tutursunuz?

- Bəzi klassiklər və onların əsərləri get-gedə yaddan çıxır. Rəhmətlik Vasif Adıgözəlovdan sonra bu problem daha da dərinləşib. Efirdə hamı çıxış edir, əsl peşəkarlardan başqa. Musiqidən uzaq olan adamlar "mahnı" yazırlar, ən acınacaqlısı isə odur ki, yaxşılar unudulur. Bu da tamaşaçıların zövqü ilə bağlıdır.

- Bəstəkarlar İttifaqının sədrliyinə namizədlər siyahısında sizin də adınız var. Əgər sizi sədr seçsələr, birinci növbədə hansı problemi həll edərdiniz?

- Böyük əsərləri ilə Azərbaycan musiqisinin inkişafında sözünü deyən bir çox sənətkarların fəxri adı yoxdur. İlk öncə buna ehtiyac duyulur. Eyni zamanda, bəstəkarların çoxu maddi sıxıntılar keçirir, amma təqaüd almırlar. Əsərləri dünyaya səs sala biləcək bəstəkarların bəziləri diqqətdən kənardadır. Uzun illərdir bunları görə-görə gəlirəm. Həmçinin gənclərin diqqətə ehtiyacı var. Bayağı musiqilər baş alıb gedir. Eşidəndə dəhşətə gəlirəm, cünki müasir musiqilərdə azəri adları duyulmur.

- Bildiyimə görə, hazırda İttifaqda təmsil olunan 2 nəfər var, onlardan biri mütləq sədr seçiləcək. Ad çəkmək istəmirsiniz?

- Yox. Vaxt yetişəndə görəcəksiniz. Bildiyiniz kimi, Firəngiz Əlizadə də katibliyə dəvət olunub. Əsas odur ki, yeni sədr sadaladığımız problemlərin həllinə çalışsın.

Xəbər lenti

Xəbər lenti