Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Sabah gün ərzində isti hava şəraitindən sonra iyunun 9-dan 12-dək Azərbaycan ərazisində hava şəraiti qeyri-sabit, nisbətən sərin keçəcək. Bu barədə cümə axşamı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin direktor müavini Umayra Tağıyeva məlumat verib. Onun sözlərinə görə, hesabat dövründə fasilələrlə yağış yağacaq, qərb rayonlarında dolu düşəcək. Yağışların əsasən gecə və axşam saatlarında leysan xarakterli olacağı istisna olunmur. Şimal-qərb küləyi üstünlük təşkil edəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqınların keçəcəyi ehtimal olunur.