...

Polis İdarəsi rəisinin ölümündə təqsirləndirilən şəxs 3 il azadlıqdan məhrum edilib

Cəmiyyət Materials 18 İyun 2007 16:05 (UTC +04:00)

Azərbaycan, Bərdə / Trend müxbir K.Zərbalıyeva/ Gəncə şəhər Yol Polisi İdarəsi rəisinin ölümündə təqsirli bilinən Gəncə şəhər sakinlərinə hökm oxunub. Məhkəmə hökmü ilə Zabit Kazımovun əməli qəsdən adamöldürmə kimi deyil, ehtiyatsızlıqdan adamöldürmə kimi tövsif edilərək ona 3 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib. Xuliqanlıqda ittiham olunan Pərviz Məmmədov isə məhkəmə zalındaca azadlığa buraxılıb.

Qeyd edək ki, Zabit Kazımov yol polisi rəisini yumruq zərbəsi ilə qətlə yetirməkdə, Pərviz Məmmədov isə ictimai asayişi pozmaqda təqsirli bilinirdi. İttihama görə, ötən il sentyabrın 21-dən 22-nə keçən gecə İkram Xəlilov Zabit Kazımovun idarə etdiyi avtomobili saxlayıb. Zabit Kazımov maşından düşəndən sonra polis rəisi ilə vətəndaş arasında mübahisə yaranıb və Zabit Kazımov İkram Xəlilova yumruq zərbəsi endirib. Maşından düşən Pərviz Məmmədov da polis rəisini söyərək təhqir edib. Yumruq zərbəsindən yerə yıxılan rəis huşunu itirib. Onu xəstəxanaya çatdırsalar da, həyatını xilas etmək mümkün olmayıb.

Məhkəmə tibb ekspertizası mərhum rəis İkram Xəlilovun başındakı xəsarətin daşa dəymə nəticəsində yarandığı və onun ölümünə səbəb olduğu barədə rəy verib.

Prokuror çıxışında Kazımova 15, Məmmədova isə 3 il müddətinə azadlıqdan məhrum etmə cəzası tələb edib.

Hakim hökmü sonadək elan edə bilməyib. Məhkəmə zalında olan mərhum Xəlilovun qohumları hökmü sonadək dinləməyib və özlərində olan mobil telefon aparatlarını hakimə tərəf atmağa başlayıblar. Nəticədə hakim zalı tərk etməli olub.

Xəbər lenti

Xəbər lenti