Azərbaycan, Gəncə / Trend , müxbir V.Məmmədov/ Azərbaycanda bu ilin beş ayı ərzində insan alveri ilə bağlı 117 cinayət faktı qeydə alınıb ki, nəticədə 45 nəfər insan alverinin qurbanı olub. Bu barədə cümə günü Gəncədə "Təmiz Dünya" İctimai Birliyi və Daxili İşlər Nazirliyi ilə birgə keçirdiyi insan alveri ilə bağlı seminarda nazirliyin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin əməliyyat müvəkkili Fuad Əliyev məlumat verib.
Onun sözlərinə görə, insan alverinin qurbanı olanlardan üçü azyaşlı uşaq olub. Onlar cinsi zorakılığa məruz qalıblar. Əliyev bildirib ki, ümumilikdə ötən il insan alveri ilə bağlı 211 cinayət faktı olub və nəticədə 86 nəfər bunun qurbanı olub.
Seminarda çıxış edən "Təmiz Dünya" İctimai Birliyinin sədri Mehriban Zeynalova deyib ki, aparılan təhlillər nəticəsində Azərbaycanda insan alveri qurbanları daha çox Gəncə və Şəmkirdə qeydə alınıb.
Gəncə paytaxt Bakıdan 365 kilometr qərbdə yerləşir.