...

Avropa İnsan Haqları Məhkəməsi Azərbaycana qarşı dördüncü qərarı çıxarıb (video)

Cəmiyyət Materials 9 İyul 2007 13:00 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Avropa İnsan Haqları Məhkəməsi Azərbaycana qarşı dördüncü qərarı çıxarıb. Azərbaycanın Avropa Məhkəməsindəki hakimi Xanlar Hacıyev bazar ertəsi jurnalistlərə açıqlamasında bildirib ki, Bəhram Tarverdiyev Azərbaycana qarşı şikayətində işə bərpa olunması barədə tələb irəli sürüb. Tarverdiyev 2001-ci ildə məhkəmənin qərarı ilə işə bərpa olunsa da, Ekologiya və Təbii Sərvətlər Nazirliyi məhkəmənin qərarını indiyədək icra etməyib. Sivil dövlətlər üçün məhkəmə qərarlarının icra olunmamasını böyük çatışmazlıq kimi qiymətləndirən Hacıyevin sözlərinə görə, bu məzmunda Avropa Məhkəməsində Azərbaycana qarşı şikayətlər çoxdur.

Tarverdiyev İsmayıllı rayonunda meşəbəyi kimi çalışıb. Qərar 3 aydan sonra qüvvəyə minəcək. Şikayətçi Konvensiyanın 6-cı (ədalətli məhkəmə araşdırması hüququnun) maddəsinin bərpasını tələb edib. O, şikayətində maddi təzminat tələbi irəli sürməyib. 3 ay müddətində Ekologiya və Təbii sərvətlər Nazirliyi şikayətçini işə bərpa etməlidir.

Avropa Məhkəməsi indiyədək Fəhmin Hacıyevin, Sərdar Cəlaloğlu və Nabat Ramazanova və başqalarının şikayətləri üzrə Azərbaycana qarşı qərar qəbul edib. Hacıyevlə bağlı qərar icra olunub, Cəlaloğlunun şikayəti üzrə qərar isə icra mərhələsindədir.

Xəbər lenti

Xəbər lenti