...

Bu il Həcc ziyarəti ilə bağlı sənəd qəbulu sentyabrın 20-dək davam edəcək

Cəmiyyət Materials 17 İyul 2007 13:23 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) xətti ilə Azərbaycan zəvvarlarının Məkkəyə bu il ziyarət qiymətlərində dəyişiklik baş verib. Bu barədə QMİ-nin xarici əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızov məlumat verib.

O bildirib ki, ziyarətlə bağlı sənəd qəbuluna başlanılıb və sentyabrın 20-dək davam edəcək. Zəvvarlar ziyarətə dekabr ayında avtobusla və təyyarə ilə yola düşəcəklər. Hər iki nəqliyyat vasitəsilə üç min zəvvarın yola salınması nəzərdə tutulub. Avtobusla səfər dekabrın ilk günlərindən, təyyarə ilə isə dekabrın 9-dan başlanacaq.

QMİ nümayəndəsinin sözlərinə görə, Məkkəyə təyyarə reysi təxminən dörd gün davam edəcək və bir gündə iki reyslə zəvvarlar yola salınacaq.

Payızov onu da bildirib ki, səfər xərclərində artım baş verib. Onun sözlərinə görə, Səudiyyə Ərəbistanı, İordaniya, hətta bizə qonşu İran, Türkiyə kimi dövlətlər də dizel yanacağının, xidmət və viza xərclərini qaldırıblar. Səudiyyə Ərəbistanı Məkkədə ziyarətə daxil olan xərcləri artırıb. Məsələn, bir zəvvarın "ayaqbasdı" vergisi 85 dollardan başlayır, hətta 260 dollara qədər pul ödənilir.

QMİ rəsmisi qeyd edib ki, bu il avtobusla bir zəvvarın səfər xərci 1460 manat həcmindədir. Bura zəvvarın yol, Məkkədə ev, ziyarət, çadır xərcləri daxildir. Yalnız yemək və qurban xərclərini zəvvarlar ayrılıqda özləri ödəyirlər.

Təyyarə ilə səfər isə bir nəfər üçün 2280 manatdan başlayaraq 4380 manata qədərdir. Bu rəqəm fərqi zəvvarlar üçün Məkkədə icarəyə götürülən yaşayış evləri ilə bağlıdır. Belə ki, bir nəfərlik otaq ən bahalı, altı nəfərlik otaq isə ən ucuz qiymətə başa gəlir. QMİ nümayəndəsi bildirib ki, bu il zəvvarlar üçün icarəyə götürülən evlər təzədir və hər cür şəraitə malikdir. İmkanlarına görə bu evlər təxminən dördulduzlu mehmanxana şəraitinə yaxındır. Amma zəvvarlar bu xidmətdən imtina edərək bahalı otellərdə yaşamaq istəyərlərsə, bu işdə sərbəstdirlər. QMİ onlar üçün həmin otellərdə yer sifariş verə bilər. Zəvvarlar xərclərini bu otellərə artıq özləri ödəməlidirlər.

Xəbər lenti

Xəbər lenti