...

Azərbaycanda cəza çəkməkdən azad edilmiş şəxslər üçün Sosial Adaptasiya Mərkəzi yaradılacaq

Cəmiyyət Materials 18 İyul 2007 13:00 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər üçün Sosial Adaptasiya Mərkəzi yaradılacaq. "Gənc Hüquqşünas Qadınlar Hüquqi İslahatlar Uğrunda" İctimai Birliyi artıq bu istiqamətdə fəaliyyətə başlayıb. Birlikdən verilən məlumata görə, mərkəz cəza çəkməkdən azad olunmuş şəxslərə pulsuz hüquqi, psixoloji və tibbi yardım göstərəcək. Artıq bununla bağlı bir neçə təşkilat və tibbi klinika ilə razılıq əldə olunub. Mərkəzdə belə şəxslərin məşğulluq problemlərinin həllinə kömək məqsədilə müvafiq işlərin görülməsi də nəzərdə tutulub. Mərkəzin apardığı araşdırmalar zamanı məlum olub ki, cəzadan azad olunmuş şəxslərin şəxsiyyət vəsiqələrinin alınması, yaşayış yerləri ilə təmin olunması, sağlamlıq, təhsil hüquqları ilə bağlı çoxsaylı problemləri meydana çıxır. Bu problemlərin öhdəsindən gəlməkdə çətinlik çəkənlər isə çox zaman başqa bir cinayət törədərək yenidən məhkum olunurlar. Cəzadan azad edilmiş şəxslər bir neçə ay həmin mərkəzdə yaşayacaq və cəmiyyətə adaptasiya olunacaqlar.

Penitensiar Xidmətin şöbə rəisi Rafiq Ramazanov hazırda Azərbaycanın cəzaçəkmə müəssisələrində 12 minə yaxın məhkumun cəza çəkdiyini və il ərzində azad olunanların sayının təyin olunmuş cəzadan asılı olaraq dəyişdiyini bildirib. Şöbə rəisi qeyd edib ki, yeni qüvvəyə minmiş "Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında" qanunda sosial adaptasiya mərkəzlərinin yaradılması, həmin şəxslərin yaşayış yeri, işlə təmin olunması ilə bağlı aidiyyatı dövlət qurumlarına müvafiq vəzifələr həvalə olunub.

Qanuna görə, daxili işlər orqanları cəzadan azad edilmiş şəxsləri 3 gün müddətində şəxsiyyət vəsiqəsi ilə təmin etməlidir.

Bu mövzu ilə bağlı çərşənbə günü keçirilən mətbuat konfransında iştirak edən QHT nümayəndələri cəzadan azad edilmiş şəxslərin problemlərinin həlli məqsədilə "Qaynar xətt"in açılmasını da vacib sayıblar.

Xəbər lenti

Xəbər lenti