Azərbaycan, Bakı, 19 iyul /müx. TrendLife Günel Əhmədova/Azərbaycan ərazisində yayımlanan elə bir televiziya kanalı yoxdur ki, proqramının bir neçə saatını bu və ya digər əcnəbi ölkədə istehsal olunmuş televiziya seriallarına ayırmasın. Sirr deyil ki, sözügedən filmlər sıravi xalq kütləsinin diqqətini o dərəcədə özünə çəkir ki, bəzi hallarda insanlar şəxsi problemlərini belə unudurlar. Lakin ictimaiyyət arasında teleserialların nümayişini tənqid edənlər də kifayət qədərdir. Bir sıra ziyalılar hesab edirlər ki, bu ekran əsərləri yetişməkdə olan gənc nəslin maariflənməsinə, intellektual səviyyəsinin formalaşmasına və s. mənfi təsir göstərir. Yeri gəlmişkən qeyd edək ki, vaxtilə Azərbaycanda da teleserialların çəkilməsinin əsasını qoymaq istiqamətində addımlar atıldı. Hətta "İtgin gəlin" serialı da çəkildi. Lakin filmin büdcəsi lazımi səviyyədə olmadığından, o, indi seyr etdiyimiz seriallar qədər uğurlu alınmadı. Bütün bunlara baxmayaraq, mütəxəssislər sözügedən serialın çəkilişini bu istiqamətdə atılan addım kimi qiymətləndirdilər. Onlar hesab edirlər ki, lazımi maliyyə təminatı olarsa, azərbaycanlı rejissorlar daha gözəl ekran əsərləri yaratmağa qadirdirlər. Rejissor Mərahim Fərzəlibəyov TrendLife-a bildirdi ki, hazırda nümayiş olunan televiziya seriallarının böyük əksəriyyəti məişət müstəvisindən kənara çıxmır: "Teleserialların bölmələrini yazmağı özünə sənət edənlər insanın psixikasının ən zəif, həssas tərəflərini qabartmaqla dünyanın müxtəlif ölkələrində yaşayan xalqların əhval-ruhiyyəsinə asanlıqla təsir göstərə bilirlər. Əslində, bu səpkili seriallar işsizlər, evdar xanımlar və yaşlılar üçün nəzərdə tutulub".
Söhbət əsnasında xalq artisti daha bir maraqlı məqama toxunaraq "Azərbaycanda ciddi serialların yaranmasına zəmin yaradan xeyli ədəbiyyat nümunələri var" - dedi. O hesab edir ki, hazırda yerli telekanallarda nümayiş etdirilən serialların böyük əksəriyyəti baş aldatmaqdan başqa bir şey deyil. "Bu seriallar nəinki Azərbaycan, bütövlükdə Şərq dünyasının ruhuna təcavüzdür", - deyən M.Fərzəlibəyovun qənaətincə, teleserial da mövzusu və mahiyyəti baxımından tamaşaçının intellektinin yüksəldilməsinə xidmət etməlidir.