Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları çərşənbə axşamı həbs olunan "Bizim yol" qəzetinin əməkdaşı Müşfiq Hüseynovun evində axtarış aparıblar. Bu barədə çərşənbə günü "Bizim yol" qəzetinin baş redaktoru Bahəddin Həziyev məlumat verib.
Həziyev qeyd edib ki, axtarış zamanı Hüseynovun evindən iki ədəd kompüter, kompüter diskləri və bir sıra sənədlər götürülüb.
Baş redaktor onu da bildirib ki, jurnalistin hüquqlarını vəkili Vüqar Xasayev müdafiə edəcək. Vəkil bu gün Hüseynovla görüşməyə çalışacaq.
Həziyevin sözlərinə görə, jurnalistin harada saxlanıldığı dəqiq məlum deyil. Hüseynovun MTN-nin təcridxanasında saxlanıldığı deyilsə də, bu təsdiqini tapmayıb.
"Rəhbərlik etdiyim qəzetin əməkdaşının rüşvət almaqda ittiham olunması mənim üçün ağırdır. Əgər bu ittihim sübuta yetirilsə, ona münasibətimiz adekvat olacaq" - deyə Həziyev əlavə edib.
"Bizim yol" qəzetinin əməkdaşı Hüseynov çərşənbə axşamı həbs olunub. Respublika Prokurorluğu onu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbəri Rizvan Əliyevdən 3500 dollar rüşvət almaqda ittiham edir. Səbail Rayon Məhkəməsi Hüseynovun üç ay müddətinə həbs olunması haqqanda qərar çıxarıb.