...

Bakı Apellyasiya Məhkəməsi Hüseyn Abdullayevin şikayətinə baxıb – versiya 2

Cəmiyyət Materials 6 Avqust 2007 14:22 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Sabiq millət vəkili Hüseyn Abdullayevin işi ilə bağlı yaxın günlərdə Ali Məhkəməyə kasassiya şikayəti veriləcək. Bu barədə bazar ertəsi Bakıda Abdullayevin vəkili Cavanşir Süleymanov məlumat verib.

Vəkil qeyd edib ki, Bakı Apellyasiya Məhkəməsinin sabiq millət vəkili ilə bağlı çıxardığı qərar ədalətli deyil və onlar bununla razılaşmırlar: "Bakı Apellyasiya Məhkəməsinin qərarında deyilir ki, hökmdən narazı qalan tərəf 20 gün müddətində Ali Məhkəməyə müraciət edə bilər. Biz Bakı Apellyasiya Məhkəməsinin qərarını alan kimi Ali Məhkəməyə müraciət edəcəyik".

Bazar ertəsi Bakı Apellyasiya Məhkəməsində hakim Rəsul Səfərovun sədrliyi ilə Abdullayevin barəsndə Səbail Rayon Məhkəməsinin çıxardığı iki il müddətinə şərti olaraq azadlıqdan məhrumetmə cəzasının ləğv olunması, sabiq deputata bəraət verilməsi və onun deputat mandatının bərpa olunması haqda şikayətə baxılıb və şikayət təmin olunmayıb.

Milli Məclisdə martın 16-da millət vəkili Fəzail Ağamalı ilə Abdullayev arasında yaranmış insident əlbəyaxa dava ilə nəticələnib. Baş prokuror Zakir Qaralovun təqdimatı ilə Milli Məclisin martın 19-da keçirilmiş fövqəladə iclasında Abdullayevin deputat toxunulmazlığı ləğv olunub və həmin gün o, məhkəmənin qərarı ilə həbs edilib.

Abdullayev barəsində Respublika Prokurorluğunda Cinayət Məcəlləsinin 132-ci (döymə) və 221.2.2-ci (xuliqanlıq) maddələri ilə cinayət işi açılsa da, istintaqın yekununda 132-ci maddə ilə işə xitam verilib. Millət vəkilinə Cinayət Məcəlləsinin 221.2-ci (xuliqanlıq) və 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddələri ilə ittiham elan olunub, o, iki il müddətinə şərti olaraq azadlıqdan məhrum edilib və məhkəmə zalından azadlığa buraxılıb.

Milli Məclisin İntizam Komissiyası baş vermiş insidentə görə Ağamalıya töhmət verib.

Xəbər lenti

Xəbər lenti