Azərbaycan, Bakı, 25 avqust / "TrendLife" , müxbir Şahin Cavadsoy/ Günümüzün reallığında meyxana ən çox dinlənilən folklor janrlarından biridir desək, yanılmarıq. Əsasən Bakı və Bakı ətrafı bölgələrdə məşhur olan bu folklor nümunəsinin tarixi qədim dövrlərə gedib çıxır. Adətən meyxana əruz vəznində bədahətən avazla deyilən şer nümunəsidir. Bir zamanlar meyxana muğam kimi köhnəliyin qalığı kimi qadağalarla üzləşsə də, Bakı əhli bu sənəti qoruyub, bugünkü nəslə ötürməyi bacardı. Bakının şairləri arasında böyük meyxana ustaları çox olub. Bu gün həmin sənətkarların sənətini layiqincə davam etdirən istedadlı meyxana ustaları çoxdur. Bu dəfə meyxanaçı Namiq Qaraçuxurludan bəhs edəcəyik.
- Məşhur meyxanaçı Namiq Qaraçuxurlu bugünkü meyxana aləmini necə xarakterizə edir? - Bu gün meyxana sənətində gözəl sənətkarlarımız çoxdur. Amma zəmanə ilə ayqlaşan bir neçə gənc meyxanaçı lazımdır və onların da ağsaqqallar tərəfindən dəstəklənməsi çox vacib şərtdir.
- Sənin "De gəlsin"də iştirak etməməyin bir az təəccüblü göründü. Amma əvvəllər "De gəlsin"də münsiflər heyətinin üzvü kimi iştirak etmişdin. Bu dəfə dəvət etmədilər, yoxsa özün getmədin? - "De gəlsin"ə elə birinci dəvət olunanlardan biri mən idim. Lakin mən orada efirə çıxacaq meyxanaçıların siyahısını biləndən sonra iştirak etməkdən imtina etdim. Çünki orada əndazənin aşılacağına, meyxanada çox təhqirlər olacağına əvvəlcədən əmin idim. Mən qram-qram qazandığım hörməti bir an içərisində itirmək istəmirəm. Bir də görürsən ki, deyişmədən əvvəl deyirlər ki, "biz qardaşıq, biz dostuq, deyilən meyxananın münasibətlərimizə dəxli yoxdur...".
- Namiq, bizə açıq-aşkar məlumdur ki, meyxanaçılar arasında səni xoşlamayanlar çoxdur. Bu nə ilə bağlıdır? Niyə səni istəmirlər? - Əksinə, məni xoşlamayanların hamısı özümə meyxananı inkişaf etdirdiyimə görə təşəkkür ediblər. Hətta "biz indiyədək dolların, meyxanaçının saatla məclisdə çıxış etməsinin nə olduğunu bilmirdik, sağ olsun, bütün bunların əsasını Namiq qoydu" deyənlər də olub. Hətta "Namiq yəhudilərə meyxananı sevdirib, biz də dolanırıq" kimi sözlər qulağıma çatır. Onlar da təsdiq edirlər ki, meyxanaçıları mən dolandırıram.
- Adlı-sanlı meyxanaçılardan kimləri "bağlamısan"? - Mənim "bağlamaq" sözündən xoşum gəlmir. Meyxanada sıxmaq məsələsi var. Mən də kimlərisə sıxmışam və məni də dəfələrlə sıxıblar. Təzə-təzə vaxtlarımda adlı-sanlı yaşlı meyxanaçılardan ilk dəfə Bayram Kürdəxanlı ilə deyişmişəm.
- Eşitdik xanəndəlik eşqinə düşmüsən. Bu meyxanadan müğənniliyə keçməklə bağlı deyil ki? - Bəli, hazırda xanəndə Teyyub Aslandan muğam dərsləri alıram. Amma sırf xanəndə olmaq üçün yox, sadəcə bir yenilik kimi. Bir də tanıdığım bəzi xanəndələr özləri mənə deyib ki, muğama uyğun səs tembrim var. İnşallah, bu yenilikləri yaxın gələcəkdəki solo-layihələrimdə görəcəksiniz.