...

Əli İnsanov məhkəmədə iştirak etmək istəyir

Cəmiyyət Materials 28 Avqust 2007 17:12 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir İ.Əlizadə/ Sabiq səhiyyə naziri Əli İnsanov ədliyyə nazirinə və Penitensiar Xidmətin rəhbərliyinə qarşı iddiası üzrə məhkəmədə iştirak etmək istəyir. Çərşənbə axşamı Nəsimi rayon məhkəməsində keçirilən prosesdə İnsanovun vəkili Ağaveyis Şahverdi sabiq nazirin məhkəmədə iştirakının təmin olunması barədə vəsatət verib. Vəkil bildirib ki, prossesual qanunvericiliyə görə, iddiaçı tərəf məhkəmə prosesində iştirak etmək, cavabdehin suallarını cavablandırmaq hüququna malikdir.

Məhkəmə prosesinin sabah davam edəcək iclasında İnsanovun prosesdə iştirak edib-etməyəcəyi barədə qərar veriləcək.

Məhkəmədə 1 saylı İstintaq Təcridxanasınının rəhbərliyini təcridxananın rəis müavini Ağzməmməd Məmmədov, Ədliyyə Nazirliyini isə İstintaq Təcridxanasının tibb-sanitar hissəsinin rəisi Etibar Qarayev təmsil edir.

İnsanov məhkəmədə ədliyyə naziri Fikrət Məmmədovun yaxın qohumu Cəmil Əliyevin ünvanına kəskin ifşaedici çıxış etdiyinə görə ədliyyə naziri və Penitensiar Xidmətin rəhbərliyi tərəfindən işgəncələrə məruz qaldığını iddia edir. Sabiq nazir Bayıldakı İstintaq Təcridxanasında qırx gündən artıq saxlanıldığını, dəfələrlə müraciətlərinə baxmayaraq, onun stasionar müalicə olunması üçün şərait yaradılmadığını bildirir. İnsanov əvvəllər ölüm cəzasına məhkum edilmiş şəxslərin kamerasında saxlanmasından, indi isə yarımzirzəmi kameraya salınmasından şikayətlənir. Sabiq nazir kamerasının havasının rütubətli, üfunətli və insan həyatı üçün təhlükəli olduğu bildirir.

Dövlət çevrilişinə cəhd, kütləvi iştişaşlara hazırlığa görə 2005-ci ilin oktyabrında həbs olunmuş sabiq səhiyyə naziri bu il məhkəmənin hökmü ilə korrupsiya cinayətlərində təqsirli bilinərək əmlakı müsadirə olunmaqla 11 il azadlıqdan məhrum edilib.

Sabiq nazir hazırda Penitensiar Xidmətin Bayıldakı 1 saylı istintaq təcridxanasında saxlanılır. O, səhhətindəki problemlərlə bağlı Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülməsini istəyir. İnsanovun onurğa sütununda yırtıq olduğu həkim rəyi ilə təsdiqlənib.

Avqustun 30-da isə Bakı apellyasiya Məhkəməsində hakim Qayıl Məmmədovun sədrliyi ilə İnsanov və digərlərinin apellyasiya şikayəti üzrə proses davam etdiriləcək.

Xəbər lenti

Xəbər lenti