Azərbaycan, Bakı / Trend , müxbir Z.Səfərov/ Azərbaycanın futbol üzrə yığma komandasının baş məşqçisi Şahin Diniyev sentyabrın 12-də T.Bəhramov adına Respublika Stadionunda Gürcüstana qarşı keçiriləcək yoldaşlıq görüşündə yenidən "Neftçi"nin hücumçuları Samir Əliyev - Branimir Subaşiç cütlüyünə etibar edəcək.
O, məhz bu hücumçuları qarşıdakı oyuna çağırıb. Məşqçi hücuma dəstək vemək məqsədilə "Sivasspor"dan İlqar Qurbanovu və "İnter"dən Xaqani Məmmədovu yığmaya dəvət edib. Eyni zamanda yarımmüdafiə xətti əsasən "Xəzər-Lənkəran"dən olan Elmar Baxşıyev, Emin Quliyev, Ceyhun Sultanov və Alim Qurbanovdan təşkil olunacaq. Qapını qorumaq isə aralarında rəqabət müşahidə olunan Fərhad Əliyev və Cahangir Həsənzadəyə həvalə olunacaq. Gürcüstana qarşı oyun Avropa çempionatı 2008-in seçmə mərhələsi çərçivəsində oktyabr ayında Bakıda Portuqaliyaya qarşı keçiriləcək oyuna hazırlıq xarakteri daşıyacaq.