Azərbaycan, Bakı/ Trend , müxbir K.Zərbalıyeva/ Sabiq səhiyyə nazirinin ədliyyə nazirinə və Penitensiar Xidmətə qarşı iddiasına baxan məhkəmə tərkibinə etiraz verilib. Sabiq nazirin vəkili Ağaveyis Şahverdi bazar ertəsi Trend ə bildirib ki, Nəsimi rayon məhkəməsində hakim Məmməd Məmmədovun sədrliyi ilə bu gün keçirilən prosesdə məhkəmənin işə sifarişlə baxması, qərəzli olması, Əli İnsanovun vəsatətlərinin təmin olunmaması əsas gətirilərək hakimə etiraz verilib.
Sabah keçiriləcək prosesdə etirazla bağlı qərar qəbul olunacaq.
Vəkil bildirib ki, sabiq nazir prosesdə iştirakının təmin olunması, saxlandığı kameranın müayinə olunması, ədliyyə nazirinin nümayəndəsinin prosesdə iştirakı barədə vəsatətlərin heç biri təmin olunmayıb: "Bu isə bir daha onu göstərir ki, məhkəmə işə qərəzli yanaşır, sifarişi icra edir". Məhkəmədə ədliyyə naziri Fikrət Məmmədovu 1 saylı İstintaq Təcridxanasının tibb-sanitar hissəsinin rəisi Etibar Qarayev, Penitensiar Xidməti isə təcridxananın rəis müavini Ağməmməd Məmmədov təmsil edir.
İnsanov məhkəmədə ədliyyə naziri Məmmədovun yaxın qohumu Cəmil Əliyevin ünvanına kəskin ifşaedici çıxış etdiyinə görə ədliyyə naziri və Penitensiar Xidmətin rəhbərliyi tərəfindən işgəncələrə məruz qaldığını iddia edir. Sabiq nazir Bayıldakı İstintaq Təcridxanasında qırx gündən artıq saxlanıldığını, dəfələrlə müraciətlərinə baxmayaraq, onun stasionar müalicə olunması üçün şərait yaradılmadığını bildirir. İnsanov əvvəllər ölüm cəzasına məhkum edilmiş şəxslərin kamerasında saxlanmasından, indi isə yarımzirzəmi kameraya salınmasından şikayətlənir. Sabiq nazirin kamerasının havasının rütubətli, üfunətli və insan həyatı üçün təhlükəli olduğu bildirilir.
Dövlət çevrilişinə cəhd, kütləvi iğtişaşlara hazırlığa görə 2005-ci ilin oktyabrında həbs olunmuş sabiq səhiyyə naziri bu il məhkəmənin hökmü ilə korrupsiya cinayətlərində təqsirli bilinərək əmlakı müsadirə olunmaqla 11 il azadlıqdan məhrum edilib.
Sabiq nazir hazırda Penitensiar Xidmətin Bayıldakı 1 saylı istintaq təcridxanasında saxlanılır. O, səhhətindəki problemlərlə bağlı Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülməsini istəyir. İnsanovun onurğa sütununda "yırtıq" olduğu həkim rəyi ilə təsdiqlənib.
Sabah Bakı Apellyasiya Məhkəməsində hakim Qayıl Məmmədovun sədrliyi ilə İnsanov və digərlərinin apellyasiya şikayəti üzrə proses davam etdiriləcək.