...

Müğənni və bəstəkar Rəhim Rəhimli: "Artıq başa düşmüşəm sevimli olmaq üçün nə etmək lazımdır"

Cəmiyyət Materials 7 Sentyabr 2007 11:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 sentyabr / "TrendLife" , müxbir Şahin Cavadsoy/ Yerli müğənnilərimizin qonşu türk şou-dünyasına qatılmaq sevdası gün keçdikcə artan xətt üzrə inkişaf edir. Kimi göz qırpımında tanınmaq, kimi də çox pul-para qazanmaq məqsədilə çamadanını hazırlayıb, İstanbula getmək arzusu ilə gecəsini-gündüzünə qatır. Bu günə qədər Biləcəri səddini aşıb, istedadını digər məmləkətlərdə də nümayiş etdirmək şansını qazanmaq isə çox az sayda sənətçiyə nəsib olub. Sadaladıqlarımın bəstəkar-müğənni Rəhim Rəhimliyə heç bir aidiyyatı olmasa da, bir fakt bəs-bəlli hamımıza məlumdur. Yəni Rəhim Türkiyəyə yol alan sənətçilər arasında birincilərdən - lap elə pionerlərdən olub. Bakıya ara-bir gəlib gəlməsinə baxmayaraq, o, mass-media nümayəndələri ilə demək olar ki, heç vaxt əlaqə saxlamırdı. Ancaq bu günlərdə paytaxtımızda qonaq olmuş Ruslananın konserti zamanı gözlərə dəyən sənətçi, özü bəzi suallara cavab verməkdə maraqlı göründü. Odur ki, Rəhim Rəhimlinin ötən 5 il ərzində kimsəyə deməkdiklərini yalnız "TrendLife"da oxuya bilərsiniz:

- Rəhim, deyəsən qəribçilikdə yaşadığın illər səni çox dəyişib. Həm zahiri, həm də daxili aləmini...

- Yox, belə deməzdim. Ola bilər ki, xarici görünüşümdə hansısa imic dəyişikləri olsun. Amma daxilən yenə həmin Rəhiməm. Sadə, sadə olduğu qədər də təvazökar.

- Maraqlıdır, Türkiyədə hansı şirkətlə işgüzar əlaqəlar qurmuşdun?

- Getdiyim ilk gündən "Başak Halil" musiqi şikrəti ilə müqavilə bağladım və yaradıcılığımdakı bütün eksklüziv hüquqları onlara həvalə etdim. İndi şirkətlə bağlanan saziş bitdiyindən, müqavilənin uzadılması barədə çox fikirləşirəm.

- Ola bilər ki, qayıtmayasan?

- Hər şey mümkündür. Türkiyəyə yenidən qaydacağım hələ dəqiq olmasa da, 80 faiz işlərimi məhz orada davam etdirməyi düşünürəm.

- Beş il bir sənətçinin karyerasında hansısa uğura imza atması üçün kifayət qədər çox vaxtdır. Rəhim sərf etdiyi illərə görə peşmançılıq çəkmir ki?

- Əsla. Peşmançılıqdan söhbət belə gedə bilməz. Mən orada çox şeyləri öyrəndim. Məsələn, gözümlə gördüm ki, bir sənətçinin daim gündəmdə qalması, sevilməsi üçün hansı addımları atması böyük önəm daşıyır. Bir də ki, özünü tərif çıxsa da deyim ki, olmadığım bu illər ərzində yəqin etdim ki, mən unudulmamışam. Vallah, bu hal məni çox sevindirir. Vətənimə hər gəlişimdə hava limanındakı personaldan tutmuş, şəhərdə rastlaşdığım insanlara qədər hər kəs mənimlə ünsiyyət qurmağa çalışır. Soruşurlar ki, nə vaxt səhnəyə çıxacağam. Mən isə onlara bir az da gözləyin deyirəm.

- Hesab etmirsən ki, pərəstişkarlarının səbr kasası artıq dolub-daşır?

- (Gülür) Nə edim, məndən olsa lap günü bu gün hansısa məkanda sevənlərimi başıma cəm edim, konsert təşkil edərəm. Yəni, səhnəyə çıxmaqdan heç vaxt qorxmamışam. Lakin istəyirəm ki, yüksək səviyyəli təşkil olunan bir proqramla tamaşaçıların görüşünə gəlim.

- Bəs, nə əcəb bu gün Ruslananı dinləməyə gəlmisən? Olmaya onunla dostluğunun bilinməyən tarixçəsi var?

- Quşu lap gözündən vurdunuz a. Bəli, Ruslana Antalyada konsert verən zaman onu dinləməyə getmişdim. Proqram sonrası olduqca səmimi bir söhbətimiz də oldu. Amma yalandan deyə bilmərəm ki, məni məhz öz konsertinə dəvət edib. Gəlişim yaxın dostum "S.A. production"ın rəhbəri Səlahəttin Atalayın dəvəti ilə bağlıdır.

- Konsertdən xoşun gəldi?

- Bu xanımın çox maraqlı bir proqramı var. Sözsüz hər şey mükəmməl idi.

- Rəhim, yəqin sənə də bəllidir ki, yerli müğənnilərimizin bir çoxu - məsələn, Röya Ayxan, Rəqsanə İsmayılova tədarük görüb, qonşu türk şou-biznesinə qoşulmaq arzusundadırlar. Onlara nə məsləhət verərdin?

- Mən bir açıqlama vermək istəyirəm. Əzizlərim, bu heç də asan məsələ deyil. Əgər Azərbaycanda müğənni olmaq üçün maksimum 35-40 min manat bəs edirsə, Türkiyədə bu məbləğin 10 misli tələb olunur. Bizdə şou-biznesə qoşulmaq çox asandır. Türkiyədə iri maqnatlar var ki, onlar özlərinə manapoliya yaradıblar. O ki, qaldı Röya xanımla Rəqsanəyə verəcəyim məsləhətə, onlara yalnız uğurlar diləyirəm. Rəqsanə xanımla bu haqda danışığım olmasa da, Röya Ayxanla İstanbulda görüşmüşdüm. Əminəm ki, Röya türk dünyasında parlamağa müvəffəq ola bilər.

- Yaradıcılığında başqa nə kimi yeniliklər gözlənilir?

- Bilirsiz ki, Əməkdar artist Aygün Kazımova, müğənnilərdən Almaz Ələsgərli, Elton Hüseynəliyev və başqa sənətçilər mənim bəstələrimi oxuyurlar. Bu yayın hiti isə Eltonun ifasında eşitdiyiniz "İsti" mahnısını hesab etmək olar. Durmadan işləyirəm. Özüm də bir neçə bəstələrimi studiyada lentə aldırıram. İnşallah, çox yaxın aylarda yeni disk buraxdırmaq, xudmani bir konsert təşkil etmək fikrindəyəm. Sağlıq olsun, hələ bütün uğurlarım irəlidədir. Odur ki, yenilik gözləməyə dəyər!

Xəbər lenti

Xəbər lenti