Azərbaycan, Bakı, 7 sentyabr / "TrendLife" , müxbir Şahin Cavadsoy/ Bir vaxtlar öz dövrünün ən məşhur və xalq tərəfindən sevilən müğənnilərindən biri də əməkdar artist Kəmalə Rəhimli idi. Müğənni həmin illəri xatırlayaraq, böyük bəstəkarlarla çalışdığını vurğuladı və "onların ən "şedevr" mahnılarını mən oxumuşam" söylədi. Hazırda isə ona göstərilən diqqətdən narazılığını bildirən müğənni fikirlərini bizimlə bölüşdü: "Vaxt var idi ki, ən möhtəşəm konsertlərdə mən oxuyurdum, amma indi məni unudublar. Şou proqramlarda indiki müğənnilər ya konserti açmaq, ya da bağlamaq üstündə dava edir. Lakin mən oxuduğum illərdə bunlar mənə həvalə olunurdu". Günlərinin çoxunu daim konsertlərə həsr etdiyini söyləyən Kəmalə Rəhimli bildirdi ki, indi onu heç verilişlərə də dəvət etmirlər. Müğənninin sözlərinə görə, ondan sonra səhnəyə gələnlər ekrandan düşmür. Bu da ömrünün 36 ilini səhnəyə həsr edən bir sənətkar kimi onu narahat edir. Səhhətində xırda problemlər olduğunu deyən müğənni verilişlərə, konsert proqramlarına az-az dəvət olunmasının səbəbini "xəstəliyimi bəhanə edib məni heç yerə dəvət etmirlər, artıq məni dəftərdən silirlər" deməsi ilə açıqladı.