...

AFFA Hakimlər Komitəsinin sədri: Xanlar Fətiyevin hakimliklə bağlı verdiyi açıqlamalar diletant səviyyəsindən başqa bir şey deyil

İdman Materials 23 Dekabr 2011 18:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 dekabr /Trend, müxbir E.Mehdiyev/

AFFA-nın Hakimlər Komitəsinin sədri Gəncə Regional Futbol Federasiyasının rəhbəri Xanlar Fətiyevin Azərbaycandakı hakimliklə bağlı verdiyi açıqlamaya cavab verib.

"Milli Məclisin deputatı, Gəncə Regional Futbol Federasiyasının rəhbəri Xanlar Fətiyevin Azərbaycandakı hakimliklə bağlı verdiyi açıqlamalar diletant səviyyəsindən başqa bir şey deyil. Heç bir sübut-dəlili olmadan hakimləri vicdansızlıqda, rüşvətxorluqda və satqınlıqda ittiham etmək millət vəkilinə yaraşmayan ifadələrdir", - bunu cümə günü Trend-ə açıqlamasında AFFA-nın Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov deyib.

Məmmədov deyib ki, əgər Xanlar Fətiyevdə hər hansı bir sübut və yaxud fakt varsa, futbol ictimaiyyətinə açıqlasın.

"Mən inanmıram ki, bu fikirlər millət vəkilinə məxsusdur. Əks halda, böyük bir futbol regionunun təsərrüfatına rəhbərlik edən bir insan görməli və bilməlidir ki, belə şeylər ola bilməz. Hakimin fitə basılması, bəzən də onların ünvanına nalayiq ifadələr işlədilməsi o demək deyil ki, hakimlər qərəzlidir və yaxud fitə basanlar və nalayiq ifadə işlədənlər düzgün hərəkət edirlər. Oyundan sonra hakimin azarkeşlər və fanatlar tərəfindən hücuma məruz qalmasını bəzi klubların səviyyəsiz rəhbərlərinin fitvası ilə baş verdiyini tam əminliklə deyə bilərik. Bu problemin mövcudluğunda "Kəpəz" FK istisna deyil", - Məmmədov əlavə edib.

Məmmədov Xanlar Fətiyevin Azərbaycan futbolunun ciddi qələbələrdən geri qaldığı iddiası ilə razıdır.

"Bəli, Xanlar müəllimin bu fikiri ilə razıyıq. Ancaq qələbələrdən geri qalmağımızın səbəbi hakimlikdə yox, Xanlar Fətiyev kimi futbolda öz üzərinə düşən işi layiqincə yerinə yetirə bilməyən rəhbərlərdədir. Nəhəng futbol dövlətlərində olduğu kimi, Azərbaycan futbolunda da hakimliklə bağlı bəzi problemlər var. Bunu heç kim inkar etmir. Amma Rövnəq Abdullayevin AFFA-ya prezident seçilməsindən sonra daima hakimliyin səviyyəsini qaldırmaq, inkişaf etdirmək üçün böyük işlər görülür. Hakimlər üçün müxtəlif seminarlar, ölkə hüdudlarından kənarda təlim-məşq toplantıları keçirilir, onların maariflənməsi üçün müxtəlif tədbirlər həyata keçirilir", - Məmmədov əlavə edib.

Onun sözlərinə görə, Hakimlər Komitəsində (HK) rüşvətxorluq, satqınçılıq yoxdur və ola da bilməz.

"Amma hakimləri bu yola təhrik etməyə çalışan, onlara şirnikləndirici vədlər verən klub rəhbərləri, məşqçiləri haqqında bizdə kifayət qədər məlumatlar var və bu barədə ciddi tədbirlər görülür", - Məmmədov açıqlamasında deyib.

O ki qaldı oyunlarda səhvə yol verən hakimlərə qarşı müvafiq addımların atılmamağına, Məmmədov bildirib ki, heç bir hakim səhvi HK-nin diqqətindən yayınmır və hər biri layiqli cəzalarını alırlar.

"Hətta bəzi hakimlər, ümumiyyətlə, Premyer-Liqa oyunlarından birdəfəlik uzaqlaşdırılmaq kimi cəzaya məruz qalırlar. Sadəcə olaraq, UEFA-nın və AFFA-nın Hakimlər Komitəsinin direktivlərinə əsasən bu cəzalar mətbuata açıqlanmır. Cənab Xanlar Fətiyev "sifarişli" oyunlar deyəndə hansı faktlara əsaslanıb deyir, bu məlum deyil. Əgər varsa, buyursun desin. İnandırıcı deyil ki, o bunu edə bilsin. Xanlar Fətiyev təmsil etdiyi Gəncə Regional Futbol Federasiyasının problemlərini və millət vəkili kimi üzərinə düşən problemləri aradan qaldırsa, futbolumuz daha sürətlə inkişaf edər", - Məmmədov deyib.

Qeyd edək ki, Xanlar Fətiyev Trend-ə açıqlamasında hakimləri rüşvətxorluqda günahlandırmışdı.

Xəbər lenti

Xəbər lenti