...

Yozef Blatter: Azərbaycanda dünya çempionatının keçirilməsi dünyada qadın futbolunun inkişafına təkan verəcək

İdman Materials 24 Yanvar 2012 17:13 (UTC +04:00)
Azərbaycanda 2012-ci ildə ilk dəfə keçiriləcək 17 yaşadək qadınlar arasında dünya çempionatına hazırlıq prosesinin gedişatı FİFA-nı tam qane edir.
Yozef Blatter: Azərbaycanda dünya çempionatının keçirilməsi dünyada qadın futbolunun inkişafına təkan verəcək

Azərbaycan, Bakı, 24 yanvar /Trend, müxbir M.Əliyev/

Azərbaycanda 2012-ci ildə ilk dəfə keçiriləcək 17 yaşadək qadınlar arasında dünya çempionatına hazırlıq prosesinin gedişatı FİFA-nı tam qane edir. Trend-in məlumatına görə, bunu FİFA prezidenti Yozef Blatter Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) rəsmi saytına müsahibəsində bildirib.

O vurğulayıb ki, Azərbaycanda idmanın, o cümlədən futbolun inkişafı ilə bağlı görülən işlər buna geniş zəmin yaradır.

"AFFA-nın 17 yaşadək qadınlar arasında Azərbaycanda keçiriləcək dünya çempionatı ilə bağlı təqdim etdiyi sosial və mədəni layihələr bizi həddindən artıq sevindirir. Bununla yanaşı, çempionatda iştirak edəcək bütün futbolçuların valideynlərinin, həmin ölkələrin oğlanlardan və qızlardan ibarət digər yaş qruplarına aid komandalarının AFFA tərəfindən Azərbaycana dəvət edilməsi çempionata xüsusi rəng qatacaq, turnirin daha da maraqlı keçməsinə səbəb olacaq", - Blatter deyib.

O qeyd edib ki, bu regionda 17 yaşadək qadınlar arasında dünya çempionatının keçirilməsi dünyada qadın futbolunun inkişafına böyük təkan verəcək.

"Üzümü azarkeşlərə tutub deyirəm ki, Azərbaycanda qadın futbolunun inkişafına dəstək verin. Belə olan halda, kişi futbolu da inkişaf edəcək, çünki bu, onlar üçün böyük bir çağırış olacaq", - FİFA prezidenti bildirib.

Onun fikrincə, Azərbaycanda dünya çempionatının keçiriləcəyi ilin "İdman ili" elan olunması onu göstərir ki, ölkə bu mötəbər turnirə həqiqətən də böyük önəm verir. O qeyd edib ki, bu qərardan təkcə futbol deyil, digər idman növləri də yetərincə faydalana biləcək.

"Bu isə ümumi mənada xalqın xeyrinədir. Çünki idman da mədəniyyətin bir növüdür. Buna görə də sizi xoşbəxt xalq hesab edirəm", - Blatter deyib.

Xəbər lenti

Xəbər lenti