...

Beynəlxalq Dağçılıq Federasiyasının sabiq prezidenti “ClimBaku” dırmanma mərkəzinin açılışında iştirak edib (FOTO)

İdman Materials 15 May 2012 14:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 may /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının rəhbərliyinin dəvəti Bakıda səfərdə olan Beynəlxalq Dağçılıq Federasiyasının (UİAA) sabiq prezidenti Mayk Mortimer bu gün yeni inşa olunmuş "ClimBaku" dırmanma mərkəzinin açılışında iştirak edib.

Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının mətbuat xidmətindən çərşənbə axşamı Trend-ə bildiriblər ki, tədbirdə, həmçinin Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının prezidenti Hüseynqulu Bağırov və gənclər və idman naziri Azad Rəhimov da iştirak edib, mərkəzlə yaxından tanış olub, həmçinin FAİREX-in idmançılarının məşqlərini izləyiblər.

Daha sonra "ClimBaku" dırmanma mərkəzinin saytının (www.climbaku.az ) təqdimatı keçirilib.

Tədbirin sonunda Bağırov, Rəhimov və Mortimer 21-22 aprel 2012-ci il tarixlərində keçirilmiş "Ümid-2" boulderinq yarışının qaliblərinə FAİREX-in diplomunu, qayayadırmanma üzrə 3-cü dərəcə və müvafiq döş nişanlarını təqdim ediblər.

Xatırladaq ki, səfər proqramı çərçivəsində Mortimer FAİREX-in ofisində federasiyanın aktiv idmançıları ilə, Gənclər və İdman Nazirliyində nazir müavini İsmayıl İsmayılovla və Milli Olimpiya Komitəsinn vitse-prezidenti Çingiz Hüseynzadə ilə görüşüb. Görüş zamanı Azərbaycanda idmana qayğı, bu sahədə müsbət irəliləyişlərin olduğu, xüsusilə son zamanlar ekstremal idman növlərinə gənclər arasında marağın artdığı qonağın diqqətinə çatdırılıb.

Mortimer də öz növbəsində Azərbaycanın beynəlxalq idman aləmində görkəmli yer tutduğunu, Azərbaycandakı təbii şəraitin dağçılıq idman növləri ilə məşğul olmaq üçün böyük imkanlar yaratdığını qeyd edib, gənclərin bu idman növünə marağının artdığını müsbət qiymətləndirib. O, eyni zamanda yüksək səviyyəli idman yarışlarının keçirilməsi üçün Azərbaycanın geniş imkanlarının olduğunu da bildirib.

Qeyd edək ki, Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası 2010-cu ilin əvvəlindən Beynəlxalq Dağçılıq Federasiyasının aktiv üzvüdür.

Xəbər lenti

Xəbər lenti