Azərbaycan, Bakı, 27 may /Trend/
İsveçrəninn Lütsern şəhərində keçirilən Dünya Kubokunun II mərhələsində Azərbaycan akademik avarçəkəni Nataliya Mustafayeva finala yüksəlib.
Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qadınlar arasında 1 nəfərlik qayıqla (W1X) mübarizə aparan təmsilçimiz yarımfinalda ilk "3-lüy"ə düşməyi bacarıb. O, 2000 metr məsafəni 7 dəqiqə 26,60 saniyəyə qət edib. Finişə 2-ci çatan Mustafayeva yalnız avstraliyalı Kim Kroudan (7:23.44) geri qalıb. Rusiyalı İlya Levina (7:30.05) isə 3-cü yeri tutub. Mustafayevadan əlavə, Krou və Levina da finala çıxıb.
Mayın 27-də Bakı vaxtı ilə saat 17:25-də başlanacaq həlledici yürüşdə avarçəkənimizin digər rəqibləri Emma Tviqq (Yeni Zelandiya), Mirka Knapkova (Çexiya) və Siuyun Çanq (Çin) olacaq.
Qeyd edək ki, Nataliya Mustafayeva Dünya Kubokunun I mərhələsində bürünc medal qazanıb.