Azərbaycan, Bakı, 4 iyul /Trend/
"Dinamo" ləqəbli britaniyalı illüzionist futbol üzrə 2012-ci il Avropa çempionatının pley-off mərhələsinin bütün matçlarının nəticələrini düzgün taparaq totalizatorda qalib olub. O, cəmi 1 funt-strelinq qoyaraq 10 min funt-sterlinq qazanıb. Bu barədə Trend çərşənbə axşamı dailymail.co.uk-a istinadən məlumat verir.
Əsl adı Stiven Freyn olan Dinamo iki həftə əvvəl ITV telekanalının studiyasına gələrək səhər proqramlarından birinin aparıcısına "Paddy Power" bukmeker kontorunda matçlara verdiyi proqnozların vərəqəsini təqdim edib.
Sonradan məlum olub ki, o, 1/4 və 1/2 finalların qaliblərini (İtaliya və İspaniyanın penalti seriyasında növbəti mərhələyə keçidi daxil olmaqla) və finalda ispanların iki və daha çox top fərqi ilə qalib gələcəyini düzgün tapıb.
Onun matçlara qoyduğu pul cəmi 1 funt-sterlinq təşkil edib, belə ki, bu, ekspres-qoyuluş (bir neçə nəticədən ibarət) olub. Yekunda uduş 10 min funt-sterlinq təşkil edib.
Ötən bazar ertəsi 29 yaşlı Freyn yenidən ITV-nin studiyasına gələrək proqnozlardan ibarət vərəqəni nümayiş etdirib. Onun sözlərinə görə, qazanılan bütün vəsait xeyriyyə işlərinə xərclənəcək.