Azərbaycan, Bakı, 31 avqust /Trend, müxbir M.Əliyev/
UEFA-nın sentyabrın sonunda Azərbaycan və Gürcüstanın 2020-ci ildə futbol üzrə Avropa çempionatının bu ölkələrdə keçirilməsinə dair iddiası ilə bağlı qərar verəcəyi gözlənilir. Bunu Trend-ə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) baş katibi Elxan Məmmədov bildirib.
"UEFA-nın son iclasında qurumun prezidenti Mişel Platini Avro-2020-nin Avropanın müxtəlif şəhərlərində keçirilməsi ilə bağlı fərqli ideya irəli sürmüşdü. Bu məsələ hələ təsdiqini tapmasa da, artıq bir neçə ölkə bu ideyaya dəstək verib. Sentyabrın sonunda isə UEFA qərar qəbul edəcək ki, ya Avro-2020 Mişel Platinin təklif etdiyi formada, yaxud ənənəvi olaraq bir və ya iki ölkənin ərazisində keçirilsin", - Məmmədov deyib.
Baş katib qeyd edib ki, çempionatın birgə təşkili Azərbaycanın və Gürcüstanın gündəmindədir. "Mən Gürcüstan Futbol Federasiyasının baş katibi ilə mütəmadi əlaqə saxlayıram. Həmkarım Azərbaycanda keçiriləcək U-17 qadınlararası dünya çempionatının açılış mərasimində də iştirak edəcək, əlavə danışıqlar aparılacaq", - o deyib.
Məmmədov Mişel Platininin irəli sürdüyü ideyanın da təqdirəlayiq olduğunu bildirib.
"Biz hesab edirik ki, bu müsbət haldır. 2020-ci ildə Avropa çempionatlarının 60 illiyi qeyd olunacaq və çempionatın müxtəlif Avropa şəhərlərində keçirilməsi gözəl bayram olardı. Düzdür, bunun texniki problemləri ola bilər. Lakin UEFA İcraiyyə Komitəsi müvafiq araşdırma aparandan sonra məlumat verəcək", - AFFA baş katibi deyib.
Məmmədov bir daha vurğulayıb ki, hazırda AFFA bütün diqqətini, gücünü ilk dəfə Azərbaycanda keçiriləcək 17 yaşlı qadınlar arasında dünya çempionatına yönəldib.
O qeyd edib ki, U-17 qadınlararası dünya çempionatı başa çatandan dərhal sonra isə 17 yaşlı oğlanlar arasında 2016-cı ildə Avropa çempionatının keçirilməsi ilə bağlı hazırlıq işlərinə başlanılacaq.
"Artıq 17 yaşlı oğlanlar arasında 2016-cı ildə Avropa çempionatının keçirilməsi ilə bağlı sənədlər hazırlanaraq UEFA-ya göndərilib. Ciddi hazırlıq işləri isə 2013-cü ilin yanvar ayından başlayacaq", - o deyib.