...

Azərbaycanda idman səmtləşməsinə idmanın kütləvi növü kimi "ikinci nəfəs" verilir

İdman Materials 2 Oktyabr 2012 17:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 oktyabr /Trend/

Təqribən 20 illik fasilədən sonra Azərbaycanda idman səmtləşməsi dirçəldilməyə və kütləvi xarakter almağa başlayıb. Sentyabrın 28-30-da Nabranda idman səmtləşməsi üzrə Respublika açıq çempionatının keçirilməsi bu müsbət meylin parlaq təzahürüdür. Çempionatda rekord sayda idmançı - müxtəlif nazirliklərin və baş idarələrin, silahlı qüvvələrin, habelə universitetlərin, müəssisələrin və respublikanın müxtəlif şirkətlərinin təqribən 200 nümayəndəsindən ibarət 26 komanda iştirak edib. Yarışda (şəxsi hesabda) Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri də iştirak ediblər.

Azərbaycan çempionatının təntənəli açılışı mərasimində Azərbaycan İdman Səmtləşməsi Federasiyasının prezidenti Mirəli Kazımov, Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişşenko, Gənclər və İdman Nazirliyinin Xaçmaz idarəsinin rəisi Qalib Səfərəliyev iştirakçıları salamlayıblar.

Fərdi liderlikdə və komanda hesabında 2 gün davam etmiş yarışların əsas xüsusiyyəti bundan ibarətdir ki, bu yarışlar ilk dəfə olaraq idman kartoqrafiyası sahəsində xarici mütəxəssislərin köməyi ilə tərtib edilib və bütün beynəlxalq standartlara uyğun olan idman xəritələrindən istifadə etməklə keçirilib. Beynəlxalq dərəcəli SSRİ idman ustası M.Fuqaç (Ukrayna) hakimlər kollegiyasının üzvləri sırasında distansiyaların müəyyənləşdirilməsi üzrə inspektor kimi iştirak edib.

Kişilər arasında çempionatın birinci günü verilən istiqamətdə uzaq məsafədə (7,1 km məsafədə "quş uçuşu üzrə") keçirilib. Qaçış iştirakçıları 14 nəzarət məntəqəsində (NM) qeydə alınmalı olublar. Qadınlar arasında məsafənin uzunluğu 5 km, nəzarət məntəqələrinin sayı isə 10 olub. Kişilər arasında uzaq məsafəyə qaçış üzrə Azərbaycan çempionu Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişşenko olub, Samir Haqverdiyev (Azərbaycan Respublikası Silahlı Qüvvələri komandası) gümüş mükafata layiq görülüb, üçüncü yeri Cavid Ağayev (Azərbaycan Respublikası Müdafiə Nazirliyinin komandası) tutub.

Qadınlar arasında uzaq məsafəyə qaçış üzrə Azərbaycan çempionu Natalya Əliyeva ("Alpklub-1") olub, ikinci yeri Lətifə Rüstəmova (Azərbaycan Respublikası Müdafiə Nazirliyinin komandası) tutub, Cəmilə İrəfiyeva (Azərbaycan Respublikası Müdafiə Nazirliyinin komandası) bürünc mükafat qazanıb.

Çempionatın ikinci günü kişilər arasında 4,1 kilometrlik qısa məsafəyə qaçış, 13 nəzarət məntəqəsində qeydə alınmaq, qadınlar arasında isə 3,3 kilometrlik məsafəyə qaçış, 8 nəzarət məntəqəsində qeydə alınmaq nəzərdə tutulmuşdu. Nəticədə kişilər arasında qısa məsafəyə qaçış üzrə ölkə çempionu Cavid Ağayev (Müdafiə Nazirliyinin komandası) olub, ikinci yeri Sərxan Əhmədli (Azərbaycan Respublikası Silahlı Qüvvələrinin komandası) tutub, Rüstəm Məmmədzadə ("Alpklub-2" komandası) bürünc medala layiq görülüb.

Qadınlar arasında qısa məsafəyə qaçış üzrə ölkə çempionu Natalya Əliyeva ("Alpklub-1" komandası) olub, ikinci yeri İrina Mursaqulova ("Azərneftkimyamaş") tutub, bürünc medalın sahibi isə Aynur Qəhrəmanova (Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının komandası) olub.

İkigünlük yarışların yekunları üzrə komanda hesabında Azərbaycan kubokunu Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Cavid Ağayev, Anar Qasımov, Anar Əhmədli, Asif Cəfərov, Cəmilə İrəfiyeva və Lətifə Rüstəmovadan ibarət komandası qazanıb.

Fərdi hesabda qaliblər və mükafatçılar Gənclər və İdman Nazirliyinin medalları və diplomları ilə təltif ediliblər. Bundan başqa, yarışların qalibləri əlavə olaraq Gənclər və İdman Nazirliyinin, habelə Ukraynanın "İnterbudmontaj" şirkətinin qiymətli hədiyyələri ilə mükafatlandırılıblar.

Yarışların keçirildiyi dövrdə xüsusi ab-hava hökm sürüb. Mükafata layiq yerlər uğrunda yarışma və mübarizə ruhu ilə yanaşı yarış iştirakçıları bir-biri ilə münasibətdə xeyirxahlıq nümayiş etdiriblər. Azərbaycan Respublikası İdman Səmtləşməsi Federasiyasının vitse-prezidenti Saridan Mursaqulov başda olmaqla hakimlər kollegiyasının dəqiq işini xüsusilə qeyd etmək lazımdır.

Çempionatın keçirildiyi iki gün ərzində Azərbaycan Sərhəd Qoşunlarının komandanlığı tərəfindən səhra mətbəxinin təmin edilməsi də yarışların xüsusi ab-havasının formalaşmasına kömək göstərib. Finişdə isti ordu sıyığının və çayın olması yarış iştirakçıları üçün gözlənilməz, lakin xoş bir məqam olub.

Məlum olduğu kimi, idman insanları bir-birinə yaxınlaşdırır. Yalamada keçirilmiş yarış hamıya məlum olan bu tezisi bir daha təsdiq edib. Yarışların ilk ağır günündən sonra yorğun olduqlarına baxmayaraq, bütün iştirakçılar, habelə onların ailə üzvləri idmançılara dəstək olub, dost-tanışlar tonqal ətrafında diskotekaya toplaşıblar.

Xəbər lenti

Xəbər lenti