Azərbaycan, Bakı, 16 may /Trend/
"Kəpəz"in gələcək taleyinə hələ də aydınlıq gəlməyib.
Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, futbol mövsümünün başa çatmasına az vaxt qalsa da, "Kəpəz"in gələcək taleyinə hələ aydınlıq gəlməyib. Premyer Liqanın yekunlarına əsasən, elitanı tərk edəcək komandanın bundan sonra 1-ci divizionda necə, hansı futbolçular və məşqçi ilə çıxış edəcəyi məlum deyil.
Hələlik məlum olan yeganə xəbər çempionatın sonunda komandanı hamının tərk edəcəyidir. Klubun bütün futbolçuları ilə müqaviləsi mayın sonunda başa çatdığından heyətdə heç kim qalmayacaq. Onsuz da legionerlərin və bəzi aparıcı yerli oyunçuların aşağı liqada top qovacağı ağlabatan deyil. Bu mənada əcnəbilərdən Nikolay Svejentsev və Bujamin Asaninin mayda ölkəmizi tərk edəcəyi daha realdır. Yalnız Alan Soltanov, Vladislav Serebryakov kimi tanınmayan gəncləri lazım olduğu halda düşərgədə saxlamaq olar.
Qeyd edək ki, "Kəpəz"də artıq bir müddət əvvəl futbolçuların gedişi başlayıb. Klubun türkmənistanlılar - Pirkuli Saparov və Rəhimberdı Baltayevlə yolları ayrılıb. Yarımmüdafiəçi mövqeyində çıxış edən Saparov ağır zədələnərək əməliyyat olunduqdan sonra mövsümü erkən başa vurduğundan evinə yola salınıb. Müdafiəçi olan Baltayev isə əsas heyətə düşə bilmədiyindən Türkmənistanda transfer pəncərəsinin bağlanmasına az qalmış rəhbərlikdən sərbəst buraxılmasını istəyib. Yerli futbolçulara gəldikdə, qışda kollektivə qoşulan Cəmşid Məhərrəmovla Fərid Quliyevin oyun təcrübəsi qazanmaq üçün "Kəpəz"ə keçdiyi aydın məsələdir və onları birinci divizionda oynamağa razı salmaq qeyri-mümkündür. Bütün bunların fonunda heyətdəki gəncəli oyunçuları dilə tutmaqla komandada saxlamaq mümkün ola bilər.
Oyunçularla yanaşı, məşqçilər korpusunda yer alan mütəxəssislərin də klubla anlaşma müddəti çempionatın sonuna kimidir və onlar da komandadan gedəcəklər.