...

"Akkord" hokkeyçiləri "Çelenc II" turnirində möhtəşəm qələbə qazanıblar (FOTO)

İdman Materials 21 May 2013 15:08 (UTC +04:00)
"Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-nin mayın 14-də Avropa Kuboku uğrunda turnirə yola düşən "Akkord" otüstü hokkey komandası ölkəmizə möhtəşəm zəfərlə dönüb.
"Akkord" hokkeyçiləri "Çelenc II" turnirində möhtəşəm qələbə qazanıblar (FOTO)

Azərbaycan, Bakı, 21 may /Trend/

"Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-nin mayın 14-də Avropa Kuboku uğrunda turnirə yola düşən "Akkord" otüstü hokkey komandası ölkəmizə möhtəşəm zəfərlə dönüb.

ASC-dən Trend-ə verilən məlumata göprə, 5 qat Azərbaycan çempionu Yunanıstanın paytaxtı Afinada keçirilən "Çelenc II" turnirində bütün komandalardan üstün olduğunu sübut edib.

Komanda Heydər Əliyev Beynəlxalq Hava Limanında böyük sevinc və təntənə ilə qarşılanıb.

"Çelenc II" yarışında "B" qrupunda mübarizəyə qatılan "Akkord" klubunun rəqibləri İsveçin "Partille", Slovakiyanın "KPH Raca" və Portuqaliyanın "Akademika Espinho" komandaları olub.

İlk matçda "Partille" klubuna 4:3 hesabı ilə qalib gələn komanda ikinci görüşdə slovakları məyus edib - 4:1. Qrupun liderliyi uğrunda Portuqaliya komandası "Akademika Espinho" ilə üz-üzə gələn "Akkord" bu dəfə də şansı əldən verməyib - 5:1.

Görüşlərin nəticəsi olaraq "A" qrupunun lideri Danimarkanın "Sorbumaqal" komandası ilə final görüşü Afinanın Olimpiya mərkəzinin meydançasında baş tutub. Oyunun ilk dəqiqələrindən təşəbbüsü əldən verməyən "Akkord"çular danimarkalıları böyük hesabla məğlubiyyətə uğradıblar - 6:3.

Final görüşündən sonra "Akkord" komandası turnirin qalibi kimi Yunanıstan Otüstü Hokkey Federasiyasının prezidenti tərəfindən qızıl medallar və kubokla təltif edilib. Bundan başqa, komandanın kapitanı Saleh Balamiyev rəqib qapılarından keçirdiyi 11 topla turnirin "Ən sərrast oyunçusu" adına layiq görülüb.

Beləliklə, "Akkord" 2011, 2012 və 2013-cü illərdə müvafiq olaraq iştirak etdiyi üç mötəbər Avropa turniri - "Çelenc IV", "Çelenc III" və "Çelenc II" yarışlarının qalibi olub. Bu yarışlarda komanda ümumilikdə rəqib qapılarından 63 top keçirib və yalnız 15 top buraxıb.

Qeyd edək ki, bundan əvvəl "Akkord" komandası respublikamızın Gənclər və İdman Nazirliyi tərəfindən 2012-ci ilin "Ən yaxşı klub komandası" elan edilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti