Azərbaycan, Bakı, 22 may /Trend/
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Trend qurumun rəsmi saytına istinadən məlumat verir ki, iclasda Premyer Liqanın 32-ci turunda keçirilən oyunlarla əlaqədar bir sıra qərarlar qəbul olunub.
Mayın 19-da Premyer Liqanın XXXII turunun "Neftçi" - "Bakı" matçında "Bakı" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
Oyunun 60-cı dəqiqəsində "Neftçi" klubunun 3 №-li futbolçusu Denis Silva Kruz kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyun cəzalanıb, klub 2000 manat cərimə olunub. Oyunun 12, 37 və 79-cu dəqiqələrində "Neftçi" klubunun azarkeşləri pirotexniki vasitələrdən istifadə editdikləri və matçın 62-ci dəqiqəsində və matçdan sonra meydançaya kənar əşya atdıqları üçün klub 2000 manat cərimə olunub.
"Neftçi" klubun azarkeşləri tərəfindən stadionun oturacaqları sındırıldığı üçün "Bakcell Arena" stadionunun rəhbərliyinin dəymiş zərərə uyğun olaraq kluba təqdim edəcəyi hesab əsasında ödəniş ediləcək.
Mayın 20-də Premyer Liqanın XXXII turunun "Turan" - "Sumqayıt" matçında "Sumqayıt" klubunun 5, "Turan" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 1000 manat cərimə olunub.
Matçın 82-ci dəqiqəsində "Sumqayıt" klubunun 6 №-li futbolçusu Taner Taktak idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.