...

Azərbaycan avarçəkənləri Avropa çempionatının finalına yüksəliblər

İdman Materials 28 İyun 2013 18:34 (UTC +04:00)
Polşanın Poznan şəhərində yeniyetmələr və 23 yaşadək kayak və kanoeçilər arasında keçirilən Avropa çempionatında yarımfinal yürüşlərinə start verilib.
Azərbaycan avarçəkənləri Avropa çempionatının finalına yüksəliblər

Azərbaycan, Bakı, 28 iyun /Trend/

Polşanın Poznan şəhərində yeniyetmələr və 23 yaşadək kayak və kanoeçilər arasında keçirilən Avropa çempionatında yarımfinal yürüşlərinə start verilib. 1000 metr və 500 metr məsafələrə yürüşlərdə Azərbaycan təmsilçiləri də iştirak ediblər.

Trend Azərbaycan Milli Avarçəkmə Federasiyasına istinadən məlumat verir ki, onlardan Aleksey Kupin 1 nəfərlik kanoe qayığı ilə hər iki məsafəyə, Mirnazim Cavadov isə 1 nəfərlik kayak qayığı ilə 500 metr məsafəyə yürüşdə əsas finala adlamağı bacarıb. Kupin 500 metrlik finişə yarımfinalda 2 dəqiqə 1,411 saniyəyə 1-ci çatıb. 18 yaşlı idmançımız daha öncə 1000 metr məsafəyə seçmə yürüşdə 1-ci yeri tutaraq birbaşa əsas finala yüksəlib. Cavadov isə yarımfinalda finişə 1 dəqiqə 46,108 saniyəyə çataraq 3-cü olub. O, ilk "üçlüy"ə düşdüyündən, əsas finala vəsiqə qazanıb.

23 yaşadək kanoeçilərin mübarizəsində Anatoli Melnik 500 metr, Taras Matviyçuk 1000 metr məsafələrə yürüşlərdə finala çox yaxın olublar. Yarımfinalda Melnik 2 dəqiqə 2,621 saniyə, Matviyçuk isə 4 dəqiqə 17,626 saniyə nəticə ilə 4-cü yeri tutub.

Yeniyetmə kayakçımız Amil Hüseynli 1 nəfərlik qayıqla 1000 metr məsafəyə yürüşdə 3 dəqiqə 57,226 saniyə nəticə ilə 6-cı olub. Onun Yasin Əhmədovla təşkil etdiyi duet isə 2 nəfərlik qayıqla 500 metrlik finiş xəttinə 1 dəqiqə 45,018 saniyəyə 7-ci çatıb. Bu duet 10-18-ci yerlər uğrunda mübarizəyə imkan verən B finalında çıxış edəcək.

Daha bir kayakçımız Məhəmmədtahir Hüseyniafşar 1 nəfərlik qayıqla 1000 metr məsafəni 3 dəqiqə 56,389 saniyəyə qət edərək 8-ci olub. Hüseyniafşar da B finalında yarışacaq.

Nəhayət, Tamerlan Mustafayev - Aleksandr Piçugindən ibarət duet 23 yaşadək kayakçıların mübarizəsində 2 nəfərlik qayıqla 500 metr məsafəni 1 dəqiqə 50,464 saniyəyə qət edərək 9-cu olub və mübarizəni dayandırıb.

Qeyd edək ki, final yürüşləri iyunun 29-da (1000 metr) və 30-da (500 metr) olacaq. Bu gün Bakı vaxtı ilə saat 19:00-dan etibarən kayak və kanoeçilərimiz 200 metr məsafəyə seçmə yürüşlərə başlayacaqlar.

Xəbər lenti

Xəbər lenti