Azərbaycan, Bakı, 7 may /Trend/
Bu gün Mingəçevir şəhərində Kür Olimpiya İdman-Tədris Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə vaterpol idman növü üzrə beynəlxalq turnir sona çatıb.
Trend-in Azərbaycan Üzgüçülük Federasiyasının mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, mayın 7-də final oyunları keçirilib. Qızıl medallar uğrunda Azərbaycan və Macarıstan milliləri mübarizə aparıblar. Çox gərgin və maraqlı keçən görüşdə son dəqiqələrdə vurduqları topla macar vaterpolçular 10-9 hesabı ilə qalib gəliblər.
Sonra isə 3 və 4-cü yerlər uğrunda mübarizə başlayıb. Bu dəfə Gürcüstan və Belarus komandaları güclərini sınayıblar. Bu qarşılaşma gürcü su poloçularının tam üstünlüyü keçib və 19-6 hesabı ilə onlar qalib gəliblər.
Yarışlar bitdikdən sonra qaliblərin təqdim olunma mərasimi keçirilib. İlk 3 yeri tutan komandalar kubok, medallar, diplomlar və xatirə hədiyyələri ilə təltif olunublar.
Sonda Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti, millət vəkili Xanlar Fətiyev yarış iştirakçılarını təbrik edib, onlara gələcək yarışlarda müvəffəqiyyət arzulayıb. Tədbir xatirə şəkillərinin çəkilməsi ilə başa çatıb.
Qeyd edək ki, beynəlxalq turnir Azərbaycan Üzgüçülük Federasiyası, Gənclər və İdman Nazirliyi tərəfindən birgə təşkil edilmişdi və yarışda Azərbaycan millisi ilə yanaşı, Gürcüstan, Belarus, Macarıstan və Özbəkistan yığmaları da iştirak edirdi.