Azərbaycan, Bakı, 26 avqust /Trend/
Çinin Nanjinq şəhərində keçirilən Yeniyetmələrin II Olimpiya Oyunlarında güləş yarışları davam edir. İkinci yarış günündə yeniyetmə qızlar mübarizə aparıb.
Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, 52 kq çəki dərəcəsində təmsilçimiz Leyla Qurbanova Kanada, Ukrayna və Salvador güləşçiləri ilə eyni yarımqrupda mübarizə aparıb. Bütün rəqiblərini məğlub edən güləşçimiz finala vəsiqə qazanıb.
Finalda güləşçimiz Yaponiya təmsilçisi ilə qarşılaşıb. Gərgin keçən qarşılaşma rəqibin üstünlüyü ilə tamamlanıb. L.Qurbanova Olimpiya Oyunlarının gümüş medalını qazanıb.
1-ci dövrə - Tianna Kennet (Kanada) - Leyla Qurbanova 0:10
2-ci dövrə - Olena Kremzer (Ukrayna) - Leyla Qurbanova 1:2
3-cü dövrə - Aparicio Vasquez (Salvador) - Leyla Qurbanova 0:6 (təmiz qələbə)
FİNAL - Leyla Qurbanova - Mayu Mukaida (Yaponiya) 3:9
Güləş yarışları dairəvi sistem üzrə keçirilir. Güləşçilər hər çəki dərəcəsində 2 yarımqrupda mübarizə aparırlar. Yarımqrup birinciləri finalda, ikinciləri isə bürünc medal uğrunda yarışırlar.
Qeyd edək ki, Yeniyetmələrin II Olimpiya Oyunlarının güləş yarışlarında ilk gün mübarizə aparan yunan-Roma güləşçilərimiz 1 qızıl və 1 gümüş medala sahib olublar. İslambek Dadov (69 kq) qızıl, Cabbar Nəcəfov (50 kq) isə gümüş medal qazanıb.