Azərbaycan, Bakı, 8 sentyabr /Trend/
"Avro 2016"-nın seçmə mərhələsi çərçivəsində sabah Bolqarıstanla qarşılaşacaq milli komandamızın baş məşqçisi Berti Foqts oyun öncəsi təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Trend Berti Foqtsun fikirlərini təqdim edir.
- Hazırlıqdan və futbolçulardan tam razıyam. Onlar yoxlama oyunlarında hansı səhvləri buraxdıqlarını dərk ediblər. Qələbə qazanmaq istəyirik. Bu, futbolçularımdan asılıdır. İndi gənc futbolçularımız çoxdur. Şadam ki, onları yoxlama oyunlarında sınaqdan keçirdik və səhvlərimizi gördük. Seçmə mərhələ oyunlarında səhvlərə yol vermək olmaz.
- Sabahkı oyunda sizi hansı nəticə qane edir?
- Heç bir oyunda heç-heçə arzulamıram. Hər oyuna qələbə üçün çıxırıq.
- Sabah sizdən növbəti eksperimentlər gözləmək olar?
- Diqqətinizə çatdırım ki, sabah seçmə mərhələ oyundur. Seçmə oyunda eksperimentlərə yol vermək olmaz.
- Amma ötən mərhələdə Maksim Medvedevi heç vaxt oynamadığı dayaq yarımmüdafiəsində oynatmışdınız.
- Hərdən elə vaxtlar olur ki, hansısa mövqeyə oyunçu tapılmır. Belə olanda məcburiyyətdən eksperiment etməli olursan.
- Tərlan Quliyevin yığmaya çağırılmasını mərkəz müdafiəçilərinin zəif olması ilə bağlamaq olar?
- Tərlan cinah müdafiəçisidir. O, bir neçə mövqedə oynaya bilər. Maraqlı oyunu var. Razıyam ki, son oyunda müdafiəçilərimiz kobud səhvlərə yol verdi. Buna görə onu milliyə çağırmışam.
- Artıq sabahkı heyəti müəyyənləşdirmisiniz?
- Demək olar ki, 90 faiz heyət hazırdır. Üç mövqedə isə hələ sual işarəsi var.
- Millimizin sabiq baş məşqçisi Şahin Diniyev Rusiya ilə oyunda etdiyiniz eksperimentlərə görə sizi tənqid edib.
- Ona cavab vermək istəmirəm. Amma Diniyev yaxşı məşqçidir. Onun beynəlxalq təcrübəsi var.