Azərbaycan, Bakı, 9 sentyabr /Trend/
Özbəkistanın paytaxtı Daşkənd şəhərində böyüklər arasında güləş üzrə dünya çempionatı keçirilir.
Trend-in Azərbaycan Güləş Federasiyasına istinadən verdiyi məlumata görə, çempionatın ikinci günündə qızıl medal qazanan Hacı Əliyev (61 kq) qələbə sevincini və keçirdiyi görüşlər barədə fikirlərini bildirib:
"Dünya çempionu olduğum üçün çox sevincliyəm. Bu çempionluğu bütün xalqımıza, bütün güləş həvəskarlarına həsr edirəm. Çempion olmağımda təbii ki, keçdiyimiz təlim-məşq toplanışlarının xüsusi rolu oldu. Çünki yüksək səviyyədə hazırlıq prosesi keçmişdik.
Finala qədər 4 görüş keçirdim. Ukrayna və Kuba idmançıları görüşüm çox gərgin oldu. İlk hissədə çox yoruldum. Fasilədə məşqçilərin tövsiyələrini diqqətlə dinlədim və bu məni qələbəyə bir daha ruhlandırdı.
İran idmançısı üzərində qələbəni səbirsizliklə gözləyirdim. Buna qədər iranlı güləşçi ilə iki dəfə qarşılaşmışdıq. Birində o, birində isə mən qələbə qazanmışdım. Final görüşünün sonunda əlimi yuxarı qaldırmaqla İran güləşçisinə jest edərək ondan daha üstün olduğumu bildirmək istədim.
Bu il, Finlandiyada keçirilən Avropa çempionatında qazandığım qızıl medalın təsadüfi olmadığını sübut edə bildiyim üçün şadam. Qarşıda bizi Bakıda keçiriləcək I Avropa Oyunları gözləyir. Orada da mütləq qalib gəlmək, ondan sonra isə Olimpiya Oyunları haqqında düşünmək lazımdır".