...

"Qol.az"ın qol vuranları

İdman Materials 17 Noyabr 2014 12:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 noyabr /Trend/

"Qol.Az saytında oxucuya doğru, operativ informasiya verməyə çalışmışıq". Bunu Trend-ə açıqlamasında altı yaşını qeyd edən Qol.Az saytının məxsus oldugu "5 Media" şirkətinin direktoru Mirhacib Məcid deyib.

Onun sözlərinə görə, Qol.Az KİV-də ən çox istinad, etibar edilən idman portalıdır: "Mən həmişə qeyd etmişəm ki, Qol.Az-ın bu səviyyəyə çatmasında ən böyük pay sahibi bizim kollektivimizdir. Bu işdə artıq müəyyən mənada öz sözlərini demiş gənc və istedadlı əməkdaşlarımız var. Məhz onların sayəsində gündəlik KİV-in böyük əksəriyyəti bizim materiallarımızı istinad edərək yayımlayır. Biz həmişə oxucuya dəqiq və səviyyəli xəbər verməyə çalışmışıq".

M.Məcid daha sonra bildirib: "Sayt yaratmaq barədə uzun müddət idi ki, düşünürdük. İlk əvvəl planımızda ümumi ictimai-siyasi xəbərlər verən sayt yaratmaq var idi. Amma müəyyən səbəblərdən bu fikirdən vaz keçdik. Qol.Az-ı yaratmaq ideyası yaranana qədər ölkəmizdə fəaliyyət göstərən idman saytlarını diqqətlə izlədik. Bu sahədə bir boşluğun olduğunu hiss etdik. Bundan sonra Qol.Az həyata vəsiqə aldı".

Saytın baş redaktoru Aydın Bağırov Trend-ə 2008-ci ildə idman sahəsinə aid yeni bir media qurumu yaratmaq barədə düşünərkən, qəzet, jurnal deyil, məhz saytın üzərində dayanmalarının səbəbini açıqladı: "Biz görürdük ki, hər şey internet üzərində qurulur, bu sahə sürətlə inkişaf edir. Ona görə belə bir xəbər saytını yaratdıq. Qol.Az fəaliyyətə başlayanda bizdən əvvəl çox az idman saytı var idi. Biz müşahidə edirdik ki, yazılı mətbuat getdikcə öz yerini elektron mediaya verir. Ona görə də Qol.Az-ı yaratmaq istəyəndə bu amili nəzərə aldıq. Qəzet və jurnalın perspektivini görmədik. Zaman göstərdi ki, biz düzgün mövqe tutmuşuq".

Qeyd edək ki, Qol.Az saytının fəaliyyətə başlamasından beş il ötür. Beş il əvvəl, 2008-ci il noyabrın 17-də Qol.Az idman-xəbər saytı oxucularla görüşə gəlib və qısa bir zamanda Azərbaycanın idman mətbuatında böyük populyarlıq qazanıb. Qol.Az son beş ildə Azərbaycanın ən çox oxunan idman saytlarından birinə çevrilib.

Qol.az bu il Mətbuat Şurasının üzvlüyünə qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti