...

Boks üzrə Olimpiya çempionu Bakı-2015 Avropa Oyunlarının elçisi elan edildi (FOTO)

İdman Materials 27 Fevral 2015 15:57 (UTC +04:00)
Boks üzrə Olimpiya çempionu Keti Teylor Bakı-2015 Avropa Oyunlarının elçisi elan edildi.
Boks üzrə Olimpiya çempionu Bakı-2015 Avropa Oyunlarının elçisi elan edildi (FOTO)

Azərbaycan, Bakı, 27 fevral /Trend/

Bakı-2015 Avropa Oyunları bu gün irlandiyalı boksçu Keti Teyloru tarixdə ilk dəfə bu yay keçiriləcək Oyunların beynəlxalq idman elçisi elan edib.

Oyunların Əməliyyat Komitəsindən Trend-ə verilən məlumata görə, London-2012 Olimpiya Oyunlarında qızıl medal qazanmış xanım K.Teylor, həmçinin 60 kq çəki kateqoriyasında hazırkı İrlandiya və dünya çempionudur.

Onun mühüm çempionatlarda qazandığı medalların siyahısına Olimpiya çempionu olmaqla yanaşı, beş ardıcıl dünya çempionu, altı ardıcıl Avropa çempionu və beş Avropa İttifaqı qızıl medalı olmaqla 17 qızıl medal daxildir və K.Teylor qadın boksu tarixində ən çox medal qazanmış idmançı hesab edilir.

Bakı-2015-in əməliyyatlar üzrə baş icraçı direktoru Saymon Kleq deyib: "Ketini beynəlxalq idman elçisi qismində Bakıda salamlamaq mənim üçün çox xoşdur. Onun kimi dünya miqyaslı bir çempionun ilk Avropa Oyunlarını dəstəkləməsi tədbir üçün böyük bir üstünlükdür və bu yay keçiriləcək yarışların yüksək səviyyəsindən xəbər verir. Mən Ketinin idman elçisi qismində Oyunları İrlandiyada böyük məmnuniyyətlə təşviq edəcəyindən əminəm və onun iyun ayında Bakıda yarışacağı günü səbirsizliklə gözləyirəm".

Bakı-2015-in idman elçiləri həm yarışdıqları idman növünü təmsil edəcəklər, həm də Avropa Oyunlarının təşviqi məqsədilə bütövlükdə qitə üzrə və sosial mediada marketinq kampaniyalarında iştirak edəcəklər.

İrlandiyanın milli qadın futbol komandasını da təmsil edən 28 yaşlı xanım K.Teylor bildirib: "Bakı-2015 Oyunları Avropa idmanı üçün gözəl bir irəliləyişdir və mən həm idman elçisi, həm də yarışçı olaraq burada iştirak etdiyim üçün çox məmnunam. Oyunlar haqqında məlumatlılığın artırılması və bu barədə mümkün qədər daha çox insanın xəbər tutması üçün əlimdən gələni edəcəyəm".

İrandiya Olimpiya Şurasının sədri Patrik Hikki deyib: "Mən Ketinin Bakı-2015 Oyunlarını ölkəsində lazımınca təşviq edəcəyindən və bu yay Azərbaycanda irlandiyalı idmançılara dəstək olacağından heç bir şübhə duymuram. Birinci Avropa Oyunlarına elçi qismində onun kimi dünyanın öndə gedən yarışçılarından birini cəlb etdiyiniz üçün peşman olmayacaqsınız".

Bir qismi yaxın gəlcəkdə açıqlanacaq Bakı-2015 idman elçiləri sırasına xanım K.Teylorla yanaşı, britaniyalı taekvondoçu Ceyd Cons, fransalı bədii gimnast Kseniya Mustafaeva, danimarkalı kanoe sprintçi Rene Holten Poulsen, serbiyalı 3x3 basketbolçular Duşan Domoviç Bulut, Marko Saviç, Marko Zdero və Deyan Maystoroviç daxildirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti