Azərbaycan, Bakı, 26 mart /Trend/
Fransanın Caen Ouisterham vilayətinin merinin idman və insan resursları üzrə müavini Jan-Klod Poilpot Avropa çempionatının elit-raund mərhələsinin oyunları üçün bu şəhərdə olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının düşərgəsini ziyarət edib.
Trend AFFA-nın saytına istinadən məlumat verir ki, U-19-un məşqini izləyən qonaq Azərbaycan nümayəndə heyətinin rəhbəri, AFFA İcraiyyə Komitəsinin üzvü, Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqovla görüşüb, qarşıdakı oyunlarda yığmamıza uğurlar arzulayıb.
V.Sadıqov öz növbəsində, yüksək qonaqpərvərliyə görə şəhər rəhbərliyinə minnətdarlığını bildirib.
Qeyd edək ki, 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit-raund mərhələsində Azərbaycan yığmasının mübarizə aparacağı 7-ci qrupun oyunlarına bu gün start veriləcək.
Yığmamız Fransanın Sen Lo şəhərindəki Lui Vilmer stadionunda fransalı həmyaşıdları ilə qarşılaşacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.