Azərbaycan, Bakı, 9 aprel /Trend/
9 hollandiyalı üzgüçü bu ölkənin milli çempionatında uğurlu çıxış edərək Avropa Oyunlarında iştirak hüququ qazanıb.
Trend Oyunların saytına istinadən məlumat verir ki, Marrit Steenberqen 50 m, 100 m və 200 m sərbəst formada, eləcə də 50 m arxaüstə və 200 m qarışıq üslubda fərqlənib. O, Eyndhoven şəhərində yerləşən Piter van den Hooqenband Üzgüçülük arenasında keçirilmiş üzgüçülük kubokunda yüksək pillədə yer alıb.
200 metr sərbəst formada üzgüçülük üzrə hollandiyalı üzgüçülər - Frederik Yanssen, Laura van Engelen və Marieke Tienstra - Bakı-2015 Avropa Oyunlarının idman növü üzrə təyin etdiyi zaman məhdudiyyətinə riayət edə biliblər.
F.Yanssen, həmçinin üzgüçülüyün 50 və 100 m sərbəst forması üzrə kvota yeri əldə edib. M.Tienstra yarışlarda fərqlənərək Hollandiya üçün üzgüçülüyün 200 m baterfley forması və 200 m qarışıq forması üzrə kvota yeri qazanıb.
İris Tyonk xüsusi olaraq üzgüçülüyün baterfley forması üzrə fərqlənərək 50, 100 və 200 metrlərdə Hollandiya üçün kvota yeri qazanıb.
Bakı-2015 Avropa Oyunlarında kvota yeri əldə etmiş 9 hollandiyalı üzgüçü Hollandiya Milli Olimpiya Komitəsi tərəfindən nəzərdən keçirilir. Bu ölkənin MOK-u Bakı-2015 Avropa Oyunlarında iştirak edəcək milli komanda üzrə son qərarı bəyan edəcək.