...

I Avropa Oyunlarına medianın akkreditasiyası müsbət qiymətləndirilib

İdman Materials 14 Aprel 2015 11:24 (UTC +04:00)
I Avropa Oyunlarına medianın akkreditasiyası müsbət qiymətləndirilib
I Avropa Oyunlarına medianın akkreditasiyası müsbət qiymətləndirilib

Azərbaycan, Bakı, 14 aprel /Trend/

Bakı 2015 Avropa Oyunlarına medianın akkreditasiyası müsbət qiymətləndirilib.

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinə bu yayın ən mötəbər tədbirini işıqlandırmağa maraq göstərən yerli və xarici mediadan müsbət rəylər daxil olub. Komitənin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, cari ayın əvvəlində akkreditasiya prosesi başa çatıb. 1300-dən çox mətbuat nümayəndəsi (yayım şirkətləri istisna olmaqla) tədbiri işıqlandırmaq üçün müraciət ediblər. Bu müraciətlər növbəti həftələrdə nəzərdən keçiriləcək. Azərbaycanda ilk dəfə olaraq bir tədbir üçün bu qədər çox sayda müraciət daxil olub.

Bakı 2015-in əməliyyatlar üzrə baş direktoru Saymon Kleq bununla bağlı açıqlamasında bildirib: "Rəylər olduqca sevindiricidir və bu, Birinci Avropa Oyunlarının dünya idmanının son 50 illik tarixinə düşən ən maraqlı və ən vacib tədbirlərdən biri olacağını sübut edir. Akreditasiya sistemi Beynəlxalq Olimpiya Komitəsinin yaratdığı qaydalarına əsasən, Olimpiya xartiyasına uyğun olaraq, Avropa Olimpiya Komitəsi tərəfindən idarə olunacaq. Eyni zamanda, bütün akreditasiyaların Azərbaycana viza rolunu oynayacağını və açılış mərasimindən 30 gün əvvəldən başlayaraq, bağlanış mərasimindən 60 gün sonraya qədər qüvvədə olacağını təsdiq edirəm. Bu gənc və dinamik ölkəni nümayiş etdirəcək möhtəşəm tədbirə qatılmaq üçün akreditasiyadan keçmiş media üzvləri, Avropa Oyunları ailəsi və Oyunlara gələn hər bir kəs Azərbaycanda ən dəyərli qonaq hesab olunacaqlar."

2015-ci ilin 12-28 iyun tarixlərində keçiriləcək Bakı 2015 Avropa Oyunları Avropa qitəsi üçün çoxsaylı idman növləri üzrə ilk dəfə keçiriləcək çox maraqlı və innovativ yarışlar olacaq.

Bakı 2015 Avropa Oyunları ümumilikdə, 20 idman növü üzrə keçiriləcək: bunlardan 16-sı olimpiya, 4-ü qeyri-olimpiya idman növündə olacaq. Yarışlarda Avropanın müxtəlif ölkələrindən 6000-dən çox idmançının 17 yarış günü müddətində öz ölkələrini təmsil edəcəyi gözlənilir.

12 idman növü üzrə yarışlar eyni zamanda, 2016-cı ildə Braziliyanın Rio de Janeyro şəhərində keçiriləcək Yay Olimpiya Oyunları üçün təsnifat xarakterli olacaq. Həmin idman növlərinə oxatma, atletika, boks, velosiped idmanı, atıcılıq, üzgüçülük, stolüstü tennis, taekvondo, triatlon, cüdo, güləş və voleybol daxildir.

Birinci Avropa Oyunlarının keçirilməsini 2012-ci ilin dekabr ayında Avropa Olimpiya Komitəsi (AOK) Bakı şəhərinə həvalə edib. Bakı Avropa Oyunları Əməliyyat Komitəsi (BEGOC) AOK ilə əməkdaşlıq şəraitində Oyunları təşkil və idarə edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti