Azərbaycan, Bakı, 22 aprel /Trend/
Konyada 5-ci Rumi Uşaq oyunlarında idmançılarımız üçün karate yarışlarının son günü uğurla başa çatıb.
Trend Milli Karate Federasiyasına istinadən məlumat verir ki, bir gün əvvəl qızların yarışında bürünc medala sahib olan yeniyetmələrdən ibarət seçmə komandamızın üzvləri bu gün 4 gümüş və daha iki bürünc medal qazanıblar.
Hümmət Baxşəliyev (-52 kq), Anar Novruzov (-57 kq), Əbülfəz Rəhimov (-63 kq) və Niyazi Məmmədov (+70 kq) finalda qızıl medal imkanlarını əldən veriblər. Əli Quliyev (-70 kq) ilə Ceyhun İsmayılov (kata) bürünc medalların sayını üçə çatdırıblar.
Beləliklə, yeniyetmə karateçilərimiz Mədinə Sadıqovanın (-47 kq) da qazandığı ilk bürünc mükafatla birgə 5-ci Rumi Uşaq oyunlarında 7 medala sahib olublar.
İdmançılarımız ayın 24-də Vətənə dönəcəklər.