...

Bədii gimnastika üzrə festival yarışları keçirilib (FOTO)

İdman Materials 19 May 2015 13:31 (UTC +04:00)
Bu gün Bakı Gimnastika Məktəbində bədii gimnastika üzrə festival yarışları keçirilib.
Bədii gimnastika üzrə festival yarışları keçirilib (FOTO)

Azərbaycan, Bakı, 19 may /Trend, müxbir Elçin Mehdiyev/

Bu gün Bakı Gimnastika Məktəbində bədii gimnastika üzrə festival yarışları keçirilib.

Trend-in məlumatına görə, yarışlar Azərbaycanda keçiriləcək Birinci Avropa Oyunlarının proqramına daxil olan idman növlərinin təbliğinə həsr olunan Azərbaycan Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən kütləvi idman tədbirləri çərçivəsində baş tutub.

Yarışda Bakı Gimnastika Məktəbinin gimnastları iştirak edib. Yarışda qaliblər müəyyən edilməyib. Çünki yarış festivalı sadəcə təbliğat xarakteri daşıyıb. Gimnastlar çıxış edərək bədii gimnastikanın hansı növlərinin olmasını, hansı alətlərdən istifadə olunmasını nümayiş etdiriblər.

Balaca gimnastların 54 rəngarəng çıxışı tamaşaçıların böyük marağına səbəb olub və gur alqışlarla qarşılanıb. Bakı Gimnastika Məktəbinin rəhbərliyi festivala tamaşa etmək üçün gələn insanların çoxluğunu nəzərə alaraq əlavə oturacaqlar quraşdırıb.

Növbəti festival mayın 25-26-da keçiriləcək və bu dəfə arenaya Bakı Gimnastika Məktəbinin akrobatları çıxacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti