...

BOK Azərbaycan Güləş Federasiyası rəsmisinin təklifini qəbul etdi

İdman Materials 26 Avqust 2015 14:14 (UTC +04:00)
Azərbaycan Güləş Federasiyasının (AGF) I vitse-prezidenti Namiq Əliyevin təklifi ilə Beynəlxalq Olimpiya Komitəsi (BOK) Yeniyetmələrin Olimpiadasında iştirak edəcək güləşçilərin sayının artırılması haqqında qərar qəbul edib.
BOK Azərbaycan Güləş Federasiyası rəsmisinin təklifini qəbul etdi

Azərbaycan, Bakı, 26 avqust /Trend, müxbir İlkin İzzət/

Azərbaycan Güləş Federasiyasının (AGF) I vitse-prezidenti Namiq Əliyevin təklifi ilə Beynəlxalq Olimpiya Komitəsi (BOK) Yeniyetmələrin Olimpiadasında iştirak edəcək güləşçilərin sayının artırılması haqqında qərar qəbul edib.

AGF-dən Trend-ə verilən məlumata görə, Yeniyetmələrin III Yay Olimpiya Oyunları 2018-ci ildə Argentinanın paytaxtı Buenos Ayres şəhərində keçiriləcək. BOK ayrı-ayrı idman növləri üzrə beynəlxalq federasiyalardan gələn təklifə əsasən, yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirakçı idmançıların sayını artırmaq barədə qərar qəbul edib.

AGF-nin I vitse-prezidenti, Dünya Güləş Birliyi (DGB) İdarə Heyətinin üzvü N.Əliyev bir müddət öncə qurumun iclasında yeniyetmələrin Yay Olimpiya Oyunlarında güləş idmanı üzrə iştirakçıların sayının artırılması barədə təkliflə çıxış edib. Təklif İdarə Heyəti üzvləri və DGB-nin Prezidenti Nenad Laloviç tərəfindən müsbət qarşılanıb. BOK rəhbərliyi qarşısında bu məsələnin qaldırılması barədə razılıq əldə edilib.

BOK İdarə Heyətinin növbəti iclasında məsələ müzakirə edilib və öz həllini tapıb. Belə ki, 2018-ci ildə Argentinanın paytaxtı Buenos Ayres şəhərində keçiriləcək Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında güləş yarışlarında çəki dərəcələri hər bir növdə 6 çəki olmaqla 18-ə çatdırılıb. Buna qədər bu say 14 idi. 5 çəkidə sərbəst, 5 çəkidə yunan-Roma, 4 çəki dərəcəsində isə qadın güləşi üzrə yarışlar keçirilirdi.

Qərarın qəbulundan sonra Nenad Laloviç AGF-yə ünvanladığı məktubda N.Əliyevi təbrik edib, dünyada güləşin davamlı inkişafı üçün verdiyi təklifə və birgə əməkdaşlığa görə təşəkkür edib.

Yeniyetmələrin Yay Olimpiya Oyunlarının güləş yarışlarında çəki dərəcələrinin sayının artırılmasına münasibət bildirən AGF-nin I vitse-prezidenti N.Əliyev artıq bir neçə ildir ki, bu məsələnin müzakirə edildiyini deyib: "Biz neçə il idi ki, bu təklifi vermişdik və müzakirələr aparılırdı. BOK tərəfindən təklifimiz müsbət dəyərləndirildi və yeniyetmələrin Yay Olimpiya Oyunlarında çəki dərəcələri artırıldı. Bu, Azərbaycan üçün çox yaxşıdır. Bundan sonra daha çox medal qazanmaq imkanımız olacaq".

Xatırladaq ki, 2010-cu ildə Sinqapurda, 2014-cü ildə Nanjinqdə keçirilən yeniyetmələrin Yay Olimpiya Oyunlarında hər bir ölkə güləş yarışlarında maksimum 5 idmançı ilə (2 sərbəst, 2 yunan-Roma, 1 qadın) təmsil oluna bilirdi. Güləşçilərimiz maksimum sayda lisenziya əldə edərək yeniyetmələrin birinci və ikinci Yay Olimpiya Oyunlarında tam heyətlə iştirak edib, Sinqapurda 4 qızıl və 1 gümüş, Nanjinqdə isə 3 qızıl və 2 gümüş medal qazanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti