Bakı. Trend:
İstanbulda Vehbi Emre və Hamit Kaplanın xatirəsinə həsr olunmuş 34-cü beynəlxalq turnir keçirilir. Ahmet Cömert Spor Salonunda keçirilən turnirdə 13 ölkədən 300-ə yaxın pəhləvan mübarizə aparır.
İlk yarış günündə 59, 71, 80 və 98 kq çəkidə güləşçilər yarışıb. Güləşçilərimiz günü 1 bürünc medalla tamamlayıb.
Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, 59 kq-da mübarizə aparan yunan-Roma güləşçimiz Kərim Cəfərov Qırğızıstan təmsilçisi Arsen Yeraliyevi məğlub edərək bürünc medal qazanıb.
80 kq çəkidə güləşçimiz Emin Əhmədov da bürünc medal uğrunda görüşə çıxıb. Qazaxstandan Doszhan Kartikova uduzan güləşçimiz turniri 5-ci sırada tamamlayıb.
98 kq çəki dərəcəsində təmsilçimiz Orxan Nuriyev bürünc medal uğrunda gərgin keçən görüşdə Qazaxstan idmançısı Alimxan Sizdikova 5:3 hesabı ilə uduzub və turniri 5-ci sırada tamamlayıb.
Yanvarın 31-də 66, 75, 85 və 130 kq çəki dərəcəsində güləşçilər mübarizə aparacaq. Yığmamızın üzvlərindən İslambek Dadov, Rövşən Tağıyev (hər ikisi 66 kq), Sultan İsmayılov (85 kq) və Oyan Nəzəriani (130 kq) yarışa qatılacaq.