Bakı. Trend:
Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin təşkilatçılığı ilə 22 iyul - Milli Mətbuat Günü münasibətilə jurnalistlər arasında şahmat turniri keçirilib.
Komitədən Trend-ə verilən məlumata görə, tədbirin açılışında yarışın qaydaları haqqında məlumat verilib. Qeyd olunub ki, turnirin təşkilində məqsəd ölkəmizdə idmanın bu növünün təbliğinə və Ümumdünya Şahmat Olimpiadasına dəstək verməkdir.
7 turdan ibarət yarışda maksimum xal toplayan Fuad Əlizadə (sputnik.az) turnirin qalibi adını qazanıb. Liderdən 1 xal geri qalan Ceyhun Əliyev (futbolinfo.az) ikinci yerlə kifayətlənib. 7 turdan 5 xal toplayan İlkin Xəlilov (ATV kanalı) üçüncü yeri tutub.
Qaliblərə Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsi tərəfindən diplom və hədiyyələr təqdim olunub.