...

Toğrul Əsgərovun anası: "Oğlumla fəxr edirəm” (FOTO/VİDEO)

İdman Materials 22 Avqust 2016 18:40 (UTC +04:00)

Bakı. Trend:

Braziliyada keçirilən 31-ci Yay Olimpiya Oyunlarında ölkəmizi sərbəst güləş yarışlarında təmsil edən Toğrul Əsgərov son yarış günü Azərbaycanın aktivinə daha bir medal yazdırıb.

4 il öncə Londonda Olimpiya çempionu olan gənc pəhləvan Rioda eyni uğurun bir addımlığında büdrəyib. 4 ilin ən mötəbər yarışında Azərbaycanın əsas medal ümidlərindən sayılan T.Əsgərov ona olan inamı doğruldaraq Cənubi Amerikada finala qədər bütün rəqiblərinin kürəyini yerə vurub. Həlledici mərhələdə gəncəli güləşçinin rəqibi rusiyalı idmançı Soslan Ramonov olub. Bu görüşdə isə T.Əsgərov 11:0 hesabı ilə məğlub olaraq yarışı gümüş medalla tamamlayıb.

Trend Region TV-yə istinadən məlumat verir ki, güləşçinin qızıl medal uğrundakı qarşılaşmasını ailə üzvləri də həyəcanla izləyib. Həlledici görüşdən sonra idmançının ailə üzvləri fikirlərini bölüşüb.

T.Əsgərovun anası İnarə Hüseynova: "Mən hamıya təşəkkürümü bildirirəm. Toğrul hamının adını qaldırdı. Prezidentimiz də, icra başçımız da ona dəstək oldu. Mən bir ana kimi oğlumla fəxr edirəm".

T.Əsgərovun dayısı İlkin Hüseynov: "Toğrul Əsgərov 2012-ci ildə 19 yaşında Olimpiya çempionu olub, Avropa Oyunlarının qalibi adını qazanıb. Bu olimpiadada az qalmışdı ki, çempion olsun. Bu güləşdir, hər şey olur. Gümüş medal da böyük nailiyyətdir".

İdmançının şəxsi məşqçisi Elçin Zeynalov da güləşçinin ailəsi ilə bərabər finalı izləyənlər arasında yer alıb. Mütəxəssis yetirməsinin çıxışını belə dəyərləndirib: "Sevindici haldır ki, Toğrul finala vəsiqə əldə etdi. Bu, gəncəliləri, Azərbaycan xalqını, prezidentimizi çox sevindirdi. Toğrul birinci yerə də çıxa bilərdi. Lakin rəqibi ondan güclü oldu, Toğrul gümüş medal qazandı".

Güləçşimizin olimpiadadakı uğurunu şəhər əhalisi də canlı olaraq seyr edib. İdmansevərlər güləşçinin həlledici qarşılaşmasına Gəncənin baş meydanındakı böyük monitordan baxıblar.

 

Məqalədə:
Xəbər lenti

Xəbər lenti