Bakı. Ənvər Məmmədov - Trend:
Bakıda keçiriləcək batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku gimnastikaya yeni ulduzlar bəxş edə bilər.
Bunu Trend-ə Avropa Gimnastika İttifaqının İcraiyyə Komitəsinin üzvü Erik Mogensen deyib.
E.Mogensen bildirib ki, bu, Rio Olimpiadasından sonra bu idman növü üzrə keçirilən ilk böyük yarışdır:
"Olimpiadadan sonra bu idman növündəki bir sıra liderlər karyerasını başa vurdu. Ona görə də, fikrimcə, bu Dünya Kuboku 2020-ci il Tokio Olimpiya Oyunlarına gedən yolda ilk addımlarını atacaq yeni ulduzları bəxş edəcək".
Avropa Gimnastika İttifaqının İcraiyyə Komitəsinin üzvü qeyd edib ki, bu onun Azərbaycana ilk gəlişi deyil: “Mən Azərbaycanda 2015-ci ildə Avropa oyunları və ötən il Dünya Kuboku zamanı olmuşam. Hesab edirəm ki, Azərbaycanda yarışların təşkili sahəsində yüksək səviyyəli peşəkarlar komandası var. Bu il proqrama tamblinq də daxil edilib ki, bu da Kuboku daha maraqlı edir. Fikrimcə, ötən il olduğu kimi, bu il də yüksək səviyyəli təşkilatçılğın şahidi olacağıq”.
Onun sözlərinə görə, tamblinqin Dünya Kuboku proqramına daxil edilməsi bu idman növünün inkişafını göstərir: "İlk dəfə biz azərbaycanlı tamblinqçiləri ötən il Avropa çempionatında gördük, bu, gimnastikanın bu növünün ölkədə inkişafını göstərir. Bundan başqa, biz tamblinqi gələn il də Bakıda Avropa çempionatında görəcəyik. Bu, bir növ ona hazırlıqdır”.
İdman zalının tərtibatına toxunan E.Mogensen qeyd edib ki, bu il zalda dörd yox, iki batut quraşdırılıb:
“Prinsipcə, yarışlarda dörd batutun quraşdırılması vacib deyil. Batutların sayı hakimlərin sayından asılıdır. Bu il isə hakimlərin sayı azdır. Məsələ ondadır ki, batut gimnastikası üzrə hakimlik kursları hələ də davam edir və Dünya Kubokunun başlamasına az qalmış bitəcək. O zamanadək lazımi kateqoriyalı hakimlərin sayı kifayət qədər olmayacaq. Hesab edirəm ki, bu, yarışların gedişinə təsir etməyəcək”.
Qeyd edək ki, Beynəlxalq Gimnastika Federasiyasının yeni Olimpiya dövründə batut gimnastikası və tamblinq üzrə ilk Dünya Kuboku 18 və 19 fevral tarixlərində Bakıda Milli Gimnastika Arenasında baş tutacaq.
15 ölkədən paytaxtımıza təşrif buyuracaq 85 nəfər batutçu və tamblinqçi iki yarış günü ərzində 2017-ci ildə qüvvəyə minən yeni qaydalar əsasında gərgin mübarizə apararaq öz qüvvələrini sınayacaq. Yarışların ilk günü təsnifat mərhələləri, ikinci günü isə final mərhələləri baş tutacaq.
Azərbaycanı batut üzərində fərdi və sinxron proqramda İlya Qrişunin, Oleq Piunov, Ruslan Ağamirov, Svetlana Makştarova, Veronika Zemlyanaya və tamblinq cığırında Mixail Malkin təmsil edəcək.
Azərbaycanda 2013-cü ilin sonundan inkişaf etməyə başlayan batut gimnastikası üzrə Dünya Kuboku Bakıda artıq ikinci dəfədir təşkil olunur. Bu il isə tamblinq üzrə bu qəbildən olan yarışların ölkəmizdə debütüdür. Yüksək səviyyəli təşkilatçılığı ilə hər zaman fərqlənən gimnastika yarışları bu dəfə də bir çox yenilikləri ilə yadda qalacağını vəd edir.
Tamaşaçılar havada pərvazlanan ulduz batutçu və tamblinqçilərin təqdimatında maraqlı mübarizənin şahidi olmaqla yanaşı, əyləncəli müsabiqələr və fleşmoblarda da iştirak edə biləcəklər.
Məşhur kişi batutçular arasında Olimpiya Oyunlarının qızıl medalçısı Vladislav Qonçarov (Belarus), gümüş medalçısı Dmitri Uşakov (Rusiya), dünya çempionatlarının mükafatçıları Sebastyan Martini (Fransa), Andrey Yudin (Rusiya), Mixail Melnik (Rusiya), qadın batutçular arasında Tatyana Petrenya (Belarus) və Anna Kornetskaya (Rusiya) yer alacaq.
Tamblinq cığırında isə kişilər arasında dünya çempionatının gümüş medalçısı Qriqori Noskov (Rusiya), qadınlar arasında Avropa çempionatının qızıl medalçısı Anna Korobeynikova (Rusiya), o cümlədən dünya və Avropa çempionatının gümüş medalçısı Lusi Kolbek (Böyük Britaniya) və digər gimnastlar öz məharətlərini nümayiş etdirəcəklər.