...

Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş şahmat turniri başa çatıb (FOTO)

İdman Materials 1 May 2017 13:02 (UTC +04:00)
Xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş vergi xidməti əməkdaşları arasında ənənəvi şahmat turnirinə yekun vurulub.
Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş şahmat turniri başa çatıb (FOTO)

Bakı. Trend:

Xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş vergi xidməti əməkdaşları arasında ənənəvi şahmat turnirinə yekun vurulub.

Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən Trend-ə verilən məlumata görə, aprel ayının 8-də start verilmiş yarışlar Olimpiya sistemi üzrə keçirilib, yarışlarda vergi orqanlarının bütün strukturlarının əməkdaşları iştirak edib. Vergilər Nazirliyi Aparatının rəhbəri Ağasəməd Əfəndiyev turnir iştirakçılarına minnətdarlığını bildirərək, yarışın maraqlı rəqabət şəraitində keçdiyini qeyd edib. Onun sözlərinə görə, Vergilər Nazirliyinin təşkilatçılığı ilə keçirilən bu turnir Azərbaycanda şahmatın indiki səviyyəyə çatmasında müstəsna xidmətləri olmuş ulu öndərimiz Heydər Əliyevin əziz xatirəsinə həsr edilib. Prezident İlham Əliyevin də şahmatın inkişafına böyük diqqət yetirdiyini nəzərə çatdıran natiq, şahmatın maddi-texniki bazasının gücləndirilməsi, şahmatçılara göstərilən dövlət qayğısı və şahmatçılarımızın beynəlxalq yarışlarda qazandıqları nailiyyətlərin sayının günü-gündən çoxalması barədə danışıb.

A.Əfəndiyev Şəmkirdə beynəlxalq qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan ənənəvi beynəlxalq turnir olan “Shamkir Chess 2017” superturnirinin keçirildiyini diqqətə çatdırıb. Qeyd olunub ki, “Shamkir Chess 2017” turniri dünyada şahmatsevərlər tərəfindən maraqla izlənilir və artıq dördüncü ildir ki, təşkil edilir. Bu beynəlxalq turnirdə dunyanın ən yüksək reytinqli grosmeysterleri iştirak edir. Azərbaycan şahmatçıları bu turnirdə də uğurlu çıxış edirlər. Turnirin ölkə rəhbərliyinin də diqqətində olduğunu bildirən natiq artıq Şəmkirdə Vüqar Həşimov Şahmat Akademiyasının fəaliyyətə başladığını və 200-dək gəncin burada şahmatın sirlərini öyrəndiyini qeyd edib.

Sonra qaliblərə diplomlar təqdim edilib.

Turnirin qalibi Vergilər Nazirliyinin 11 saylı Ərazi Vergilər Departamentinin əməkdaşı Toğrul Qasımov olub. Vergilər Nazirliyinin 4 saylı Ərazi Vergilər İdarəsinin əməkdaşı Şəhriyar Məmmədov 2-ci, Çağrı Mərkəzi Departamentinin əməkdaşı Mahmud İbrahimov isə 3-cü yeri tutub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti