Bakı. Trend:
Boks üzrə Azərbaycan millisi daha bir medalı təmin edib.
Azərbaycan Boks Federasiyasından Trend-ə verilən məlumata görə, yığmamızın üzvü Teymur Məmmədov buna Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında yarımfinala yüksəlməklə nail olub.
Belə ki, Avropa çempionumuz İslamiadada debüt görüşündə Özbəkistan boksçusu Sardorbek Beqaliyev üz-üzə gəlib. Qarşılaşma Məmmədovun qələbəsi ilə yekunlaşıb – 5:0.
Teymur yarımfinal döyüşünü mayın 17-də keçirəcək. Onun rəqibi isə İhab Almatbuliyə (İordaniya) 3:2 hesabı ilə qalib gələn Eldin Qoussun (Suriya) olacaq.
Xatırladaq ki, T.Məmmədovdan öncə Cavid Çələbiyev (60 kq) də 1/2 finala vəsiqə qazanıb.
Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.