...

Dünya çempionatında Azərbaycanı 7 qadın güləşçi təmsil edəcək - HEYƏT

İdman Materials 16 Avqust 2017 11:21 (UTC +04:00)

Bakı. Trend:

Avqustun 21-dən 26-dək Fransanın paytaxtı Paris şəhərində güləş üzrə dünya çempionatı keçiriləcək.

Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, mundialda iştirak edəcək sərbəst və yunan-Roma güləşi üzrə yığma komandaların heyəti ötən gün açıqlanıb.

Qadın güləşi yarışlarında isə ölkəmizi Türkan Nəsirova (48 kq), Leyla Qurbanova (53 kq), Nataliya Sinişin (55 kq), İrina Netreba (58 kq), Tatyana Omelçenko (60 kq), Elmira Qəmbərova (63 kq) və Elis Manolova (69 kq) təmsil edəcək. Güləşçilərimiz çempionatda böyük məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında çıxış edəcək.

Xatırladaq ki, qadın güləşçilərimiz avqustun 7-dən Ukraynanın Kiyev şəhərində Konça Zaspa təlim-məşq bazasında bu ölkənin yığma komandası ilə birgə hazırlıqları davam etdirir. Təlim-məşq toplanışı avqustun 21-dək davam edəcək.

Güləş yığmalarımızın dünya çempionatı üçün HEYƏTİ

Güləş yığmalarımızın dünya çempionatı üçün HEYƏTİ

Çempionatın proqramına əsasən, ilk olaraq 71, 75, 85 və 98 kq çəkidə yunan-Roma güləşçiləri mübarizəyə başlayacaqlar. Avqustun 22-də 59, 66, 80 və 130 kq-da yunan-Roma güləşçiləri, avqustun 23-də isə, 55, 58, 63 və 75 kq-da qadın güləşçilər yarışacaqlar. Yarışların dördüncü günündə 48, 53, 60 və 69 kq qadın güləşçilər mübarizə aparacaqlar. 57, 61, 86 və 125 kq çəkidə sərbəst güləşçilər avqustun 25-də xalça üzərinə çıxacaqlar. Çempionatın son günündə isə sərbəst güləş üzrə 65, 70, 74 və 97 kq çəki dərəcəsində pəhləvanlar yarışacaqlar.

Görüşlərin idarə edilməsində ölkəmizi I-S kateqoriyalı beynəlxalq dərəcəli hakim Hicran Şərifov təmsil edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti